İlham Əliyevin bu mesajı hansı ölkələrə ünvanlanıb? - GÜNDƏM
"Prezident İlham Əliyevin mesayı işğal və müharibə dövründə Azərbaycanın haqq işinə badalaq qurmaq istəyən, ona qarşı təbliğat aparan dövlətlərədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan Prezident İlham Əliyevin "Məscidlərdən tövlə kimi istifadə etmiş ölkə müsəlmanların dostu ola bilməz" mesajının hansı ölkələrə ünvanlandığını şərh edərkən deyib. Politoloq hesab edir ki, həmin dövlətlərin adları hər kəsə bəllidir:
"44 günlük müharibə Azərbaycanın dostu ilə düşmənini bəlli etdi. Bəlli oldu ki, Azərbaycanı yaxından və uzaqdan dəstəkləyənlər və Azərbaycana yaxından və uzaqdan düşmənçilik edən müsəlman dövlətləri kimlərdir. İşğal və müharibə dövründə Ermənistanla əməkdaşlıq edən bir sıra müsəlman dövlətləri vardı. Məsələn, həmin dövlətlər İslam Əməkdaşlıq Təşkilatının həmin tədbirlərində, zirvə toplantılarında işğal faktını bəyan edir və Ermənistana qarşı qəbul olunmuş bəyanatları təsdiqləyirdilər. Amma ikitərəfli görüşlərdə Ermənistanla əməkdaşlığı genişləndirirdilər. Bura hansı ölkələr daxildir? İran, Küvet, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Suriya, İraq. Bu öləkələr Ermənistanla daha çox əlaqələri olan ölkələrdir. Hətta müharibə dövründə İran rəsmiləri Ermənistan və onun havadarlarının təbliğatına uyaraq, guya Azərbaycan tərəfindən hansısa muzdlu əsgərlərin döyüşdüklərini dilə gətirdilər. Həmin o dövlətlər Qarabağda, Ağdamda məscidlərə inəyin bağlanması, oranın xarabalığa çevrilməsi, Qubadlı, Zəngilanda dini-mədəni abidələrin təhqir olunmasına göz yumurdular. Neylədi İran? İran Göhər Ağa məscidini Şuşada təmir etdirdi, ermənilər də adını qoydu ki, bu, fars məscididir. Amma bu məscidin İranla, farsa yaxın-uzaq heç bir əlaqəsi yoxdur”.
Politoloq qeyd edib ki, indi yeni dövr və yeni şərtlər var:
"İlham Əliyev bununla bəyan etmək istəyir ki, işğal dövründə buraxılan səhvlər heç olmasa bundan sonra buraxılmasın. Müsəlman ölkələrinin bəziləri Azərbaycan-Türkiyə münasibətlərində heç də qardaşyana mövqe tutmurlar. Xüsusən Türkiyəyə qarşı münasibətləri xoş omadığından bu xoş olmayan münasibət perspektivdə Ermənistanla münasibətlərin güclənməsinə və Azərbaycanla Türkiyənin bölgədəki əməkdaşlığına mənfi təsir edə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı "Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”, -deyə bildirib.
651 dəfə oxundu