İqtidarla müxalifətin dialoqu bu həftə baş tuta bilər
“Prezident Administrasiyasının müxalifət-iqtidar dialoqu üçün yeni mövzu təklif edəcəyini gözləyirik”.
Bunu AzVision.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev müxalifət-iqtidar dialoqundan danışarkən deyib.
Partiya sədri vurğulayıb ki, ötən həftə “Azadlıq-2015” seçki blokunun iclasında dialoq məsələsi müzakirə olunub: “İclasda müzakirə etdiyimiz məsələlər, görüşlə bağlı mövqeyimiz mətbuata açıqlanmır, bu barədə Prezident Administrasiyasına məlumat göndərilib. Əli Həsənovun ötən həftəki açıqlamasından mən belə başa düşdüm ki, yeni mövzu təklif oluna bilər”.
Görüşün vaxtı ilə bağlı ilkin təklifin 12-16 may tarixləri olduğunu deyən VİP sədri görüşdə müzakirə olunacaq mövzu ilə konstruktiv mövqe nümayiş etdirməyin tərəfdarı olduğunu vurğulayıb.
“Bizim həm blok, həm də partiya kimi mövqeyimiz var. Partiya olaraq hesab edir ki, bu təmaslar davamlı olmalıdır. Burada mövzu işin gedişinə mane olmamalıdır. Hesab edirik ki, konstruktiv dialoqun inkişafına imkan verən mövzuların müzakirəsi daha məqsədəuyğundur. Əli Həsənovun açıqlamasından belə görünür ki, yeni mövzu təklif oluna bilər. Amma bu, ölkənin hazırkı siyasi gündləyinin, Avropa Oyunlarının kölgədə qalması demək deyil. Həmin mövzu ətrafında da ölkənin siyasi gündəmini və digər sahələrdəki vəziyyəti müzakirə etmək mümkündür”.
Qeyd edək ki, müxalifət partiyaları ilə Prezident Administrasiyası nümayəndələri arasında indiyə qədər iki görüş baş tutub. Bu ilin fevralında keçirilən sonuncu görüşdə tərəflərin hər iki aydan bir toplanması barədə qərar qəbul edilib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müxalifətlə görüşün bu həftə baş tutacağını bildirib. PA rəsmisi həmçinin dialoq zamanı müzakirə olunacaq mövzuların hələlik müəyyən edilmədiyini qeyd edib.
1479 dəfə oxundu