“Deyir ki, faktı ortaya qoymasan, səni bıçaqlayacağam” - Rasim Musabəyov

“Deyir ki, faktı ortaya qoymasan, səni bıçaqlayacağam” -


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edirik:

- Rasim müəllim, Ermənistanda kəskin və gərgin seçki kampaniyası müşahidə olunur, tərəflər açıq formada bir-birini ittiham edirlər. Bu konteksdə İrəvanda yaşananları necə qiymətləndirirsiniz?

- Bütün bunlar gözləniləndir. Ermənistanda siyasi böhran müşahidə edilir. Bu, təkcə siyasi deyil, eyni zamanda mənəvi böhrandır. Onlar özlərini çarəsiz vəziyyətdə hiss edirlər və erməni cəmiyyəti şokdan çıxa bilməyib. Diqqət edin, orada ciddi siyasi mübarizə gedir, amma əhalinin 40 faizi ümumiyyətlə seçkidən boyun qaçırır. Keçirilən sorğular göstərir ki, sərhəd açılan kimi 350 min erməni həmişəlik Ermənistanı tərk etməyə hazırlaşır. Bunu Robert Köçəryan da deyir. Nəzərə alsaq ki, Ermənistanda maksimum 2,5 milyon əhali yaşayır, 300-350 min erməninin buranı tərk etməsinin nə demək olduğu aydındır. Ona görə də vəziyyətləri ağırdır. Üstəlik orada seçki kampaniyası siyasi mübarizə çərçivəsindən kənara çıxaraq açıq düşmənçilik səviyyəsinə gəlib, söyüş, təhqir özünü göstərir. Şəxsən mən düşünmürəm ki, bu seçkilərin nəticəsi olaraq Ermənistan siyasi böhrandan ıxa bilər. Böyük ehtimalla nə partiya, nə də seçki blokları parlamentdə çoxluğu təşkil edə biləcək. Bu halda Ermənistan qanunlarına görə, ikinci tur təşkil edilməlidir. Fərz edirəm ki, Ermənistan parçalanmış formada qalmaqda davam edəcək.

- Deyirsiniz ki, seçkilər Ermənistanda problemlərin çoxunu həll etməyəcək. Azərbaycan maraqlıdır ki, İrəvanda stabillik yaransın, konkret qüvvə hakimiyyətə gəlsin və biz Ermənistanla sərhəd problemlərimizi həll edək. Əgər orada uzunmüddətli destablizasiya müşahidə ediləcəksə, bu zaman məsələləri necə həll edəcəyik?

- Hiss edilir ki, biz bütün əsas məsələləri Ermənistanın başı üzərindən Rusiya ilə aparmalı olacağıq.

- Ancaq buna rəğmən biz Ermənistanın sərhəddə təxribatlarını da müşahidə edirik. Bu istiqamətdə vəziyyəti necə proqnozlaşdırırsınız?

- Söhbət ancaq təxribatdan getmir. Orada yaşayan ermənilər 30 ildir azərbaycanlı üzünü görməyib, o ki qaldı əli silahlı Azərbaycan əsgərini görsün. Odur ki, şokdadırlar. Onlar bu illər ərzində Azərbaycanın torpaqlarını öz ərazilərinə qatmışdılar, ata malı kimi istifadə edir, meşələrimizi qırır, sürülərini otarırdılar. İndisə tədricən sərhəd məsələsi ortaya çıxır və onlar da deyirlər ki, biz neyləyəcəyik... Cəhənnəmə gedin, nə bacarırsınızsa edin. Bir tərəfdən əhali şokdadır və bilmir ki, nə etsin, digər tərəfdən Ermənistan bir dövlət kimi sərhəd qurmaq iqtidarında deyil. Ermənistanın sərhədini Rusiya qoruyurdu, bu hissədə isə müharibə vəziyyətində olduğundan ordusu dayanırdı. İndi bu ordu da tərəfimizdən darmadağın edilib. Sərhəd də qura bilmirlər. Bir neçə min hərbi personalı hələlik rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə saxlayıblar. Zəhmət çəkin bu ordunu çıxarın və aparıb normal sərhəd qurmaqda istifadə edin. Bunu da etmirlər. Təkrar edirəm ki, bu gün Ermənistanda müşahidə olunan hərc-mərclik, yiyəsizlik elə sərhəddə də müşahidə olunur. Ona görə, təxribatlar baş verəcək. Amma bu diversiya şəklində olacağı halda hesab edirəm ki, Azərbaycanın cavabı sərt olacaq. Ötən gün Laçında bir erməni tutulub. Araşdırıb görüblər ki, bu diversant deyil, yolunu azıb, bu səbəbdən geri verilib. Bizim əlimizdə onların kifayət qədər əsiri və diversantı var.

- Rusiyanın birbaşa və açıq formada Ermənistanda keçirilən seçkilərə müdaxilə etməməsi, kənardan izləməsi maraq doğrur. Sizcə, niyə ruslar fəal deyillər?

- Mən belə deməzdim. Rusiya lideri Köçəryana zəng edir. Daha ona nə dəstək veriləcək? Rusiya mediası Köçəryanı populyarlaşdırmaqla məşğuldur. Ola bilsin ki, Köçəryana pul vermirlər. Bu da onunla əlaqəlidir ki, Köçəryanın oğurluq yolu ilə əldə etdiyi kifayət qədər pulu var və bununla da seçki kampaniyasını apara bilər. Həm də Ermənistan daxilində medianın 70 faizi Sərkisyan və Köçəryanın nəzarəti altındadır. Daha bunlara hansı dəstək lazımdır? Odur ki, nə qədər dəstək mümkündürsə, Rusiya bunu edir. Açıq formada göstərir ki, dəstəklədiyi şəxs Köçəryandır. Amma həm də anlayır ki, Köçəryan seçkini udmaya da bilər. Ona görə Paşinyan üçün də əl yeri saxlayır.

- Sorğular göstərir ki, Nikol Paşinyan və Robert Köçəryan arasında fərq getdikcə azalır, Paşinyan itirir, Köçəryan qazanır. Bu baxımdan siz Paşinyanın durumunu necə şərh edirsiniz?

- Təbii ki, Nikol Paşinyanın durumu yaxşı deyil. Ancaq orada başqa məsələdə var. Sorğu zamanı haradasa 40 faiz seçicinin ya mövqeyi yoxdur, ya da bu mövqeni gizlədirlər. Söhbət bu mövqedə olan 40 faizə qədər toplumun olmasından gedir. Odur ki, seçkilərin nəticələri müəmmalıdır. Sorğular da göstərir ki, böyük ehtimalla heç bir siyasi qüvvə parlament çoxluğunu əldə edə bilməyəcək. Bu səbəbdən də ikinci tur ortaya gələcək. Nikol Paşinyanın da uduzmaq imkanları var. Əlbəttə, Paşinyan populistdir. Vurnuxur, addımlar atır ki, elektoratını saxlasın. İkinci tur olsa, məncə, bu, düşmənçiliyin açıq şəkildə zirvəsi olacaq. Olsun, problem deyil.

- Azərbaycan üçün Ermənistanda kimin hakimiyyətə gəlməsi daha məqbuldur?

- Bizim üçün fərq etmir. Orada ermənilərin dediyindən asılı olmayaraq Azərbaycanın konkret tələbləri var. Bu tələbləri istər Köçəryan olsun, istər Paşinyan, buna əməl olunmalıdır. Başları üzərində ağaları da var. Onlarla da danışacağıq. Yəni bu məsələlər həll edilməlidir.

- Ancaq Robert Köçəryan revanşist xəttin təmsilçisidir, hakimiyyətə gəldiyi təqdirdə müharibəyə başlaya və ya buna hazırlıqlar görə bilər...

- Onların müharibə aparmaq imkanları yoxdur. Daha doğrusu özlərini müdafiə etmək iqtidarında deyillər. Belə fikirlər əsassız yanaşmalardır. Sadəcə bir var, Ermənistanda stabillik yaransın, qısa müddətə razılaşmalar əldə olunsun, bir də var orada xaos davam etsin. Bu halda Azərbaycan nəyi etmək imkanındadırsa, bunu edəcək. Zəngəzur dəhlizinin açılmasında Rusiya bizdən az maraqlı deyil. Onlarla danışılacaq ki, bunu həyata keçirmək lazımdır.
İkincisi, təsəvvür edin ki, Nikol Paşinyan seçkidə qələbə qazandı. Ancaq onun qələbəsi heç də etibarlı qələbə olmayacaq. Bunu yenə də dağıdacaqlar. Orada kimin qalib gəlməsindən asılı olmayaraq böhran davam edəcək.

- Nikol Paşinyan oğlunu Azərbaycana təslim etməyə, əvəzində əlimizdə olan erməni terrorçuları geri almağa hazır olduğunu səsləndirir. Buna münasibətiniz necədir?

- Bunlar cəfəng fikirlərdir. Həm də göstərir ki, hazırda erməni siyasi səhnəsində siyasətə bənzəməyən proseslər gedir. Nikol Paşinyan deyir ki, Serj Sərkisyan kazinoda ordunun pulunu uduzub. Serjik də deyir ki, faktı ortaya qoymasan səni bıçaqlayacağam. Yəni ağılsız söhbətlər gedir. Onlar bunu demokratiya kimi təqdim edirlər, əslində isə bu, biabırçılıqdır.

Teleqraf



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...