Prezidentin Cənubi Qafqaz üçün “yol xəritəsi” - yeni şərtlər, dayanıqlı sülh imkanları və ...

Prezidentin Cənubi Qafqaz üçün “yol xəritəsi” -

Bir neçə gün öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində Prezident İlham Əliyevin nitqində və suallara verdiyi cavablarda regional inkişaf, Qafqazın gələcəyi ilə bağlı olduqca mühüm, həssas məqamlar var. Faktiki olaraq Prezident İlham Əliyev regionun lider ölkəsinin rəhbəri kimi, bölgənin inkişaf mexanizm və prinsiplərini, perspektivləri, hədəfləri elan edib.

Dünyaya və region ölkələrinə verilən mesaj çox mühümdür və səmimidir: Prezident İlham Əliyev Qarabağda münaqişə və müharibənin bitdiyini israrla və dəfələrlə vurğulayır (zatən daha əvvəllər də bütün çıxışlarında bunu xüsusi olaraq diqqətə çatdırırdı-red.), bundan sonra regionda sıx əməkdaşlıq, sülh içində, dinc yaşamağı, irəliyə baxmağı təklif edir, buna səsləyir.

Müzakirələrdə iştirak edən, müxtəlif ölkələri təmsil edən şəxslərin bir çoxunun verdiyi suallar da məhz Ermənistanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ilə bağlı olub.
Əlbəttə, Azərbaycan Prezidentinin çıxışlarında bildirdiyi kimi, Ermənistanla Azərbaycan arasında müharibə başa çatıb, hazırda dünyanın, maraqlı qütblərin, bütün qüvvələrin tərəflər arasında sülh müqaviləsinin imzalanmasına diqqət yönəldilməsi təbiidir. Çünki bu, regionun gələcəyi, əməkdaşlıq, inkişaf, təhlükəsizlik baxımından əsas şərtdir.
Tarixi nümunələr və bəlli qaydalar mövcuddur: müharibə, münaqişə bitibsə, bunun rəsmiləşməsi, yekun nəticə məhz sülh müqaviləsinə əsaslanır. Təbii, bunun üçün öncə hüquqi, əsas baza olmalıdır.

Məsələn, İsraillə Misir 1979-cu ildə imzalanan sülh sazişinin əsasını 1978-ci ildə imzalanan Kemp Devid müqaviləsi təşkil edib. Kemp Deviddə 17 sentyabr 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin himayəsi altında reallaşan müqavilə ilə ilk dəfə bir ərəb ölkəsi İsraili rəsmən tanımışdı. Bu sazişiə görə İsrail hərbi birliklərini Sina yarımadasından çəkib və Misir ilə diplomatik münasibətlərini normallaşdırmağa başlayıb. Faktiki olaraq Kemp David sazişi iki ölkə arasında sülh müqaviləsinin əsasını təşkil edib.
1995-ci ilin 14 dekabrında Parisdə Bosniya müsəlmanlarının lideri Aliya İzetbeqoviç, Yuqoslaviya prezidenti Slobodan Miloşeviç və Xorvatiya prezidenti Frano Tucman tərəfindən Deyton sazişi imzalandı. Bu saziş əsasında Bosniyada vətəndaş müharibəsinə və Xorvatiya savaşına son qoyuldu. Bölgə bu gün də həmin sazişin təsir dairəsindədir.
Bu cür nümunələr çoxdur və onları xatırlatmağımız təsadüfi deyil. Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı bəyanatda bölgədə davamlı sülhə təminat verə bilən sənəddir. Başqa sözlə, 10 noyabr bəyanatı hüquqi və məntiqi olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün əsas bazadır. Buna istinad edilməklə, sülh sazişi imzalana bilər.
Ancaq burada vacib sual ondan ibarətdir ki, tərəflər sülh sazişi imzalamağa hazırdırlarmı? Əlbəttə, asan məsələ deyil, ancaq alternativ də yoxdur...

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də bununla bağlı çox ciddi polemikalar oldu, həssaslıqla və detallı danışıldı, Azərbaycan Prezidentinə suallar verildi, mövqeyi soruşuldu. Bu toplantıda sülh müqaviləsi ilə bağlı Azərbaycanın mövqeyi bir daha açıq şəkildə dünyaya çatdırıldı.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev münaqişə və müharibə səhifəsinin bağlandığını, Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olduğunu bəyan edib. Bunun əsaslandırılması da verilib, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırılması, əməkdaşlıq, bölgənin inkişafı üçün sülh razılaşmasına ehtiyac təbiidir.
Azərbaycan tərəfi uyğun təkliflərlə də çıxış edib, habelə Ermənistan tərəfinə humanitar, iqtisadi və kommunikasiya xarakterli də jestlər edib.

Sülh müqaviləsi əslində bu gün və mövcud reallıqlar şəraitində Ermənistana, erməni xalqına daha çox lazımdır. Səbəb də bəllidir: 30 illik işğalçılıq siyasəti səbəbindən Ermənistan regional inkişafdan tam geri qalıb. Heç bir regional enerji layihəsində iştirak edə bilmir. Üstəlik, qardaş Türkiyə də sərhədlərini Ermənistana bağlayıb. 44 günlük Vətən Müharibəsində isə Ermənistan elə bir ağır zərbə alıb ki, onun bir dövlət olaraq özünə gəlməsi, iqtisadiyyatını, sosial durumunu bərpa etmək üçün uzun illər və blokada şəraitindən çıxması lazımdır. Bunun üçün də Azərbaycana qarşı işğalçılıq iddialarından tam əl çəkməsi, ərazi bütövlüyümüzü tanıması, revanşist xəyallardan uzaqlaşması və özünü normal qonşu kimi aparması gərəkdir. Ancaq bunlar şifahi şəkildə alınan məsələ deyil: Ermənistan bütün bunları rəsmiləşdirməlidir, bunun üçün də sülh müqaviləsi mütləqdir.
Əgər bu baş verərsə, sülh müqaviləsindən sonra Ermənistanla mümkün əlaqələr və əməkdaşlıqlar başlaya bilər ki, bu da onların iqtisadi inkişafına səbəb olar, bir dövlət, xalq kimi normal yaşamağa başlaya bilərlər. Ən əsası, bölgədə stabillik yaranar, Cənubi Qafqaz bu gün və tarix üçün bir nümunəyə çevrilər...

Perspektivdə isə bu, ümumqafqaz ideyasının reallaşmasını şərtləndirə bilər. Hansı ki, uzun illər öncədən bu fikir mövcuddur, onu əngəlləyən isə Ermənistanın işğalçılıq siyasəti idi.
İndi Azərbaycan BMT qətnamələrini özü icra edib, ərazilərini işğaldan azad edib, regionda yeni səhifə açıb, yeni reallıqlar yaradıb.
Bu fürsətdə bölgədə sülh, təhlükəsizlik arzusunu dilə gətirən qüvvələrin, dünya ölkələrinin əsas vəzifəsi məhz Ermənistana bir daha reallıqları anlatmaq, iki ölkə arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək, sülh müqaviləsinin imzalanmasını təşviq etməkdən ibarət olmalıdır.

Əgər hansısa ölkələr, məsələn, Fransa Ermənistanı fitvalayacaqsa, qızışdıracaqsa, bəzi revanşist ermənilərdən fərqlənməyən bəyanatlar verəcəksə, bu, ilk növbədə ermənilərə və sakit, dinc yaşamaq istəyən Qafqaz xalqlarına ən böyük pislik olacaq. Hazırda ermənilərə və Cənubi Qafqaza lazım olan məhz sülh sazişidir ki, onun da şərti ermənilərin anormal iddialardan birdəfəlik əl çəkməsidir.
Bu gün Fransanın, yaxud içində erməni sevgisi olan hansısa qüvvənin Ermənistanın sərhədləri ilə bağlı narahatlığı varsa, başa düşməlidirlər ki, bu, birmənalı olaraq Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir: Məhz bu üzdən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanması da zəruridir. Bundan qətiyyən kimsə narahat olmamalıdır, çünki Azərbaycanın Ermənistana qarşı heç bir torpaq iddiası yoxdur. Sərhədlər isə SSRİ dövründə respublikaların sınırlarını müəyyən edən xəritə əsasında həyata keçirilməlidir, Azərbaycan da məhz bu cür davranır...
Dünya təcrübəsinə nəzər salsaq görərik ki, müharibələr, münaqişələr bitdikdən sonra sülh müqaviləsi imzalanır və tərəflər arasında xəritə üzrə sərhədlərin dəqiqləşdirilməsi işi həyata keçirilir. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. İndi Azərbaycan müharibə və münaqişənin bitdiyini bəyan edir, iki ölkə arasında da delimitasiya sülh müqaviləsinin detalı kimi reallaşdırıla bilər. Yəni “yenidən velosiped kəşf etməyə” ehtiyac yoxdur...
Kifayət qədər həssas və mürəkkəb bölgə olan Cənubi Qafqazın dinc, münaqişəsiz regionuna çevrilməsi inteqrasiya və əməkdaşlıq mühitinin formalaşmasıdan birbaşa asılıdır.

1.......jpg (49 KB)

Tarix boyunca Cənubi Qafqazda davamlı sabitliyi, yüksək inkişafı təmin edəcək təkliflər olub. Çox da uzağa getməyək, 90-cı illərin əvvəllərində mərhum Prezident Heydər Əliyev Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın müəllifi kimi çıxış edib.
Heydər Əliyev bütün Qafqaz bölgəsində sülhün yaradılması təşəbbüsü ilə çıxış edib, onun təklifi ilə imzalanmış "Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında" Tbilisi Bəyannaməsində (1996) "Ümumi Qafqaz evi" ideyası dəstəklənib.

heyderbaba12400.jpg (411 KB)

Heydər Əliyev ATƏT-in İstanbul zirvə görüşündə (1999) "Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı"nın yaradılması təklifi ilə çıxış edib, bu təklif bir çox region dövlətləri tərəfindən müdafiə olunub.

İndi həmin bu ideyanın gerçəkləşməsi üçün şərait, imkan yetişib.
Prezident İlham Əliyev bunun yolunu da açıqlayıb. Sitat: “İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda vəziyyəti tam dəyişdiyi üçün regionda yeni yanaşmaya, yeni gündəliyə ehtiyac var... Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb”...

Faktiki olaraq Azərbaycan artıq keçmişə baxmır, məhz gələcəyə yönəlir, Cənubi Qafqaz regionunun bir hissəsi olaraq özünün və bölgənin gələcəyini planlaşdırır. Bunun üçün konkret təkliflər verib, həmin təşəbbüslərin əsası isə 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda əks olunub. Ölkəmiz bu planların icrası üçün texniki və maliyyə imkanlarını səfərbər edib. Azərbaycanın iqtisadi potensialı, bu günə kimi regionda həyata keçirilən enerji və nəqliyyat layihələri “Ümumi Qafqaz Evi” konsepsiyasının reallaşdırılmasına tam şərait yaradır.
Hazırda reallaşması üzərində çalışılan Zəngəzur dəhlizi ümumqafqaz ideyası üçün ən mühüm məsələdir. Düzdür, Ermənistanda hələ də çoxları bunu dərk etmir, ancaq özlərinin və Cənubi Qafqazın ümumi gələcəyi naminə onun reallaşması prosesinə qoşulmaqdan başqa çarələri olmadığının fərqinə varmalıdırlar. Yoxsa batacaqlar. Bunu artıq erməni ziyalıları xalqa izah etməlidir...
Prezident İlham Əliyev bir neçə gün öncə baş tutan məlum müzakirədə çox incə şəkildə dünyaya bir çağırış etdi, Ermənistanı sülhə təşviq etməyə səslədi. Bu, bir daha Azərbaycanın və onun Prezidentinin humanizm psinsiplərinin və sülhsevər olmasının göstəricisidir. ABŞ, Avropa İttifaqı, BMT, ATƏT, AŞ və s. qüvvələr öz potensialından istifadə edərək Ermənistanı anlada bilər ki, sülh sazişi, “Ümumi Qafqaz Evi” irəli getməyin yeganə yoludur.
Əgər Ermənistan ən azı öz gələcəyi, quyudan çıxması üçün ortaya siyasi iradə qoymalıdır...

***

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələrdə Azərbaycan Prezidenti bunun yollarını göstərib, real mənzərəni təsvir edib, səmimi şəkildə və konkret çağırışlar edib, təkliflər verib. Bunlar dünyaya və ermənilərə mesaj və xəbərdarlıqdır. Bundan sonra heç kim heç bir halda Azərbaycanı ittiham, tənqid edə bilməz!

Sitatlar:

- Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

- Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.

- Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın hansı addımlar ata biləcəyinə gəlincə, düşünürəm ki, ABŞ çox iş görə bilər. O, ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Yeri gəlmişkən, mən başa düşdüyüm və hiss etdiyim qədərilə indi ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır. Çünki bir qədər əvvəl dediyim kimi, münaqişə həll olunub. Ona görə də Minsk qrupu üçün yeni gündəlik olmalıdır və əlbəttə ki, üç ölkə, ilk növbədə, öz aralarında razılığa gəlməlidir.

- ABŞ həmsədrlərdən biri kimi sözsüz ki, çox mühüm rol oynayır. Eyni zamanda, biz bilirik ki, ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də düşünürəm ki, münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək.

- Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi.
Müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Ona görə də onlar, ilk növbədə, nə etməlidir, onlar Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər…

- Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı. Lakin nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq.

- Biz müharibə zamanı saxlanılanların hamısını, o cümlədən Ermənistan qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad etdik. Biz çox sayda yaşlı erməninin qayğısına qaldıq, onları xəstəxanaya yerləşdirdik və Qırmızı Xaça təhvil verdik, onlar sağ-salamat geri qayıtdılar.
Onlar 1990-cı illərin əvvəlində bizim torpaqları işğal edəndə bunun eynisini etməmişdilər. Biz meşələrdə, dağlarda cəsədləri axtarırdıq. Biz təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardıq. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və onlar bizə heç bir cəsəd qaytarmayıb. Fərq budur…

- Bizim Minsk qrupunun, həmsədr ölkələrin, o cümlədən ABŞ-ın dəstəyinə ehtiyacımız var, region ölkələrinin, həmçinin hər zaman regionda müsbət inkişafı dəstəkləyən Türkiyənin dəstəyinə ehtiyacımız var və əlbəttə ki, bizim Avropa İttifaqının dəstəyinə ehtiyacımız var. Çünki düşünürəm ki, bu, nadir əməkdaşlıq formatı olacaq və Ermənistan bu şansı əldən versə, peşman olacaq. Bu, son şansdır.

- Münaqişədən sonrakı inkişaf sahəsi vacibdir. Bununla yanaşı, hesab edirəm ki, ümumilikdə Cənubi Qafqazda təmasların sınaqdan keçirilə bilməsi vacib sahə ola bilər.

- Azərbaycan-Gürcüstan-Türkiyə dəmir yolu layihəsinin icrasından sonra bizim Avropa ilə artıq birbaşa dəmir yolu bağlantımız var. Ümid edirik ki, əgər Ermənistan süni maneələr yaratmasa, bizim Ermənistan ərazisindən keçən digər dəmir yolu xəttimiz də ola bilər. Beləliklə, Ermənistan da regional inkişaf proqramının bir hissəsi ola bilər və əlavə təhlükəsizlik imkanları yaranacaq.

- …Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Bir çox hallarda bu keçmişlə onlar oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi dividend qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar…

- Bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır. Bu, əslində, belə də baş verir. Buna görə mən Azərbaycanla qonşular və ya böyük güclər arasında gələcəkdə hər hansı çətinliklər görmürəm.
- Etimadın gücləndirilməsi tədbirlərinə gəldikdə, biz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək üçün bizə kömək edəcək istənilən təşkilatın fəaliyyətinə minnətdar olardıq. İstər ATƏT, Avropa İttifaqı, UNESCO olsun, istərsə də milli mövqedən çıxış edən ölkələr. Bu, tərəfimizdən yüksək qiymətləndirilərdi. Çünki bu olmadan, hətta bizim sülh razılaşmamız olsa belə, bu razılaşmanı xalq dəstəkləməyəcək. Xalq da öz iradəsini ifadə etməlidir. Xalqlararası təmaslar olmadan postmünaqişə vəziyyətini həll etmək olmaz. Odur ki, hesab edirəm, BMT iki ölkəyə müharibə yaralarını sağaltmağa kömək etmək üçün zəruri olanı edəcək.

- Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Çünki mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq.

- Əgər sülh sazişinə nail olunarsa, onda, əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik.

- Ermənistan həmişə hesab edir ki, onların diasporu var və bu diaspor onlara kömək edir. Lakin İkinci Qarabağ müharibəsinin nəticəsinə baxsaq görərik ki, onların alçaldıcı məğlubiyyətinə səbəb olan əsas amillərindən biri də onların diasporu idi. Çünki bir santimetr belə ərazinin geri qaytarılmaması iddiası erməni diasporunun ideoloji mahiyyəti idi. Hamımız yaxşı bilirik ki, onlar əksər hallarda yaşamaq üçün ən yaxşı şəhərləri seçirlər. Bu, istər ABŞ-da Kaliforniya olsun və ya Cənubi Fransa olsun, yaxud Rusiyanın cənubu və Latın Amerika olsun. Onlar çox rahat mühitdə yaşayırlar. Onların əksəriyyəti özlərinə yaxşı biznes qurub. Onlar çoxsaylı diaspor təşkilatları yaradır və həyatlarından zövq alırlar. Qarabağda yaşayanların həyat standartları onları heç o qədər də maraqlandırmır…

- Onlar təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar…. Onda bəlkə onların kommunikasiyaları açmaq imkanı olacaq. Çünki əgər onlar Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, onların vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq.

Müzakirələrdə çox vacib bir məqam da var: Rumıniyanın sabiq Baş naziri Petre Roman söz alaraq deyib:

- Cənab Prezident, Sizcə dünyanın bu qədər liderini bir araya gətirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq biz bəzi erməni siyasətçilərini bizimlə, - mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin liderlərini nəzərdə tuturam, - dialoqa dəvət edə bilərik? Düşünürəm ki, erməni siyasətçiləri bizimlə söhbətə dəvət etmək bir növ dialoq üçün ilk addım ola bilər.

Prezident İlham Əliyev: …Uzun illər ərzində Ermənistanın liderləri özləri haqqında, öz tarixləri haqqında bir mifologiya quraraq vətəndaşlarının beyinlərini zəhərləyirdi. Onlardan bəziləri, bəlkə də bir çoxu bu miflərə həqiqətən də inanmağa başladılar. Orada baş verənlərə yaxından nəzər saldıqdan sonra gördük ki, indiki Ermənistan cəmiyyətinin faciəsi ondan ibarətdir ki, onların bir çoxu Qarabağın onların olmasına həqiqətən də inanmağa başlamışdır...
Artıq qeyd etdiyim kimi, münaqişə sona çatmışdır. Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Azərbaycanda "Dağlıq Qarabağ" deyilən bir məfhum-qurum yoxdur. Hazırda biz bir-birimizlə əməkdaşlığa əngəl yarada biləcək bir problem görmürük. Əslində, biz artıq əməkdaşlıq edirik. Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar. Buna görə də, prinsipcə, düşünürəm ki, erməni siyasətçilərin Nizami Mərkəzində təşkil olunan tədbir və müzakirələrdə iştirakları mümkündür. Lakin bir məsələ də aydındır ki, Nizami Mərkəzi, bu nadir beynəlxalq institut eyni dəyərləri paylaşan insanlar sayəsinə yaranıb. Nizami Mərkəzindəki böyük şəxsiyyətlərin sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərindən meyarları müəyyən edir. Hamınızı əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir. Buna görə də, əgər bəzi erməni siyasətçilərin Mərkəzə qatılmalarından söz gedirsə, mən etiraz etmirəm. Lakin həmin şəxs Nizami Mərkəzini qarşıdurma, iddia və iddialar məkanına çevirməmək üçün bu meyarlara cavab verməlidir. Əgər cənab Roman və digər dostlarımız Ermənistanda belə bir siyasətçini tapa bilsələr, onun kimliyini bilmək çox maraqlı olardı. Lakin, çox güman ki, belə bir adam var və mənim buna münasibətim tamamilə normal olacaq.
Petre Roman: Sadəcə, dialoqu başlamaq üçün...
Prezident İlham Əliyev: Amma bu, dialoq olmalıdır...

Belə. Azərbaycanın siyasi iradəsi ortadadır, Prezident möhtəşəm bir mövqe sərgiləyib.

İndi növbə dünyanın - Qafqazda sabitlik, sülh istəyənlərin və bir də normal yaşamaq istəyirlərsə, Ermənistanındır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...