Erməniyə züy tutan amerikalı konqresmen...
Amerikalılar yenə də bizə görə “narahatlıq” keçirməyə başlayıb və növbəti fürsətdəcə bir daha ölkəmizdəki durumu “obyektiv” qiymətləndiriblər. Belə ki, hər zaman öz ermənipərəst mövqeyi ilə seçilən konqresmen Kristofer Smit yenə də qərəzli şəkildə Azərbaycan və daha bir neçə ölkədə insan haqları mövzusunda vəziyyətin ürəkaçan olmadığını iddia edib və bu məsələ üzərində manipulyasiyaya cəhd göstərib. ATƏT-in bütün üzv dövlətlərini hüquqa hörmətlə yanaşmağa çağıran K.Smit Azərbaycanın da adını vurğulamağı unutmayıb. Halbuki dəfələrlə ölkənin səlahiyyətli şəxsləri tərəfindən heç kimin siyasi baxışlarına görə təqib olunmadığı rəsmən bəyan olunub və hər kəsin konkret cinayət əməlləri ucbatından həbs edildiyi bildirilib. Heç kimin vəzifəsinə və siyasi mənsubiyyətinə görə məsuliyyətdən azad olunmadığı və etdiyi əmələ görə cəzasını çəkdiyi açıqlanandan sonra Qərbin yenə də ölkəmizə bu cür münasibət sərgiləməsi onların təzyiq metodlarından əl çəkmədiyini bir daha ortaya qoyur. Gündəmi az da olsa izləyən şəxslər yəqin diqqət edərlər ki, Qərbin bu kimi işlərinin başında gələn şəxslərin hər biri zaman-zaman öz ermənipərəst mövqeləri ilə seçiliblər. Dəfələrlə düşmən xalqın maraqlarının müdafiəçisi kimi tanınan bu şəxslər təkcə onlara xidmət göstərmək, öz xeyirlərini təmin etməklə kifayətlənməyiblər. Onlar bu kimi işlərlə yanaşı, Azərbaycana zərbə vurmağa da çalışıblar. Bu isə belə deməyə əsas verir ki, ermənilərin ən böyük istəkləri ölkəmizə zərbə vurmaq, beynəlxalq imicini ləkələmək, beləliklə də, özlərinə məsum, bizə isə işğalçı donu geydirməkdir. Bu planlarında istifadə etdikləri şəxslərdən biri də həmin bu K.Smitdir ki, onun ölkəmiz əleyhinə gördüyü işlərin bir neçəsini xatırlatmaq yerinə düşər.
Belə ki, K.Smit ölkəmiz əleyhinə fəaliyyətinə hələ “907-ci düzəliş”in qəbulundan başlayıb və həmin sənədin müəlliflərindən biri hesab olunur. ABŞ Konqresində Dağlıq Qarabağın müstəqilləşməsinin və ABŞ tərəfindən ona birbaşa yardım göstərilməsinin bir neçə ən qatı tərəfdarı var ki, onlardan biri də məhz adını çəkdiyimiz şəxsdir. K.Smitin Azərbaycana “demokratiya qayğısı”nın arxasında ölkəmiz haqqında “antidemokratik” imic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi dayanır. Bu işdə öz həmyerlilərimizin “əməyi”ndən də yararlanırlar. Belə ki, yerli müxalifət və xaricdən maliyyə alan bəzi QHT-lər erməni lobbiçilərinə imkan verirlər ki, Azərbaycanda demokratiya problemlərinin olması, insan hüquqlarının pozulması bəhanəsi ilə Dağlıq Qarabağ separatçılarına yardımı gücləndirsinlər.
Azərbaycan mətbuatının vəziyyəti, jurnalistlərin həbs olunması və sair kimi “demokratiya pozuntuları”nın K.Smiti “narahat” etməsi ölkə ictimaiyyəti tərəfindən kinayə ilə qarşılanır və onun dedikləri qeyri-ciddi qəbul edilir. Çünki onun niyə dünyanın digər ölkələrində, eləcə də ABŞ-ın özündə baş vermiş iğtişaşlardan, demokratiya pərdəsi altında aparılan əməliyyatlardan narahat olmadığı “maraqla” sual edilir. Faktiki olaraq, K.Smit illərdir ki, Azərbaycan müxalifətinin ən sadiq dostuna çevrilib və onun İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov ilə görüşləri hələ unudulmayıb. Bu yerdə mühüm bir məqamı qeyd edək. Azərbaycan xalqının rəhbəri olmağa çalışan bu müxalif şəxslər K.Smitlə görüşlərdə heç zaman bu millətin ən böyük problemi olan Qarabağ münaqişəsini dilə gətirməyiblər. K.Smiti özlərinin “ən yaxın dostu”, “böyük demokrat” hesab edən Azərbaycan müxalifətinin nümayəndələri qondarma erməni soyqırımı məsələsinə də toxunmayıblar.
Bundan əlavə, K.Smit təkidlə beynəlxalq təşkilatları, səfirlikləri və diplomatik korpusları öz oyununda alət eləməyə çalışan, öz millətinə, dövlətinə qarşı apardığı destruktiv, cinayətkar fəaliyyəti ilə ermənipərəst mövqe nümayiş etdirən Leyla Yunusun azadlığa buraxılmasını da əsassız surətdə tələb edir. Bu əməli ilə o, heç də demokratiyanı deyil, məhz işğalçı erməniləri dəstəklədiyini və onların maraqlarının keşiyində olduğunu bir daha nümayiş etdirir.
Onu da bildirək ki, Krımın işğal edilməsini dəfələrlə xüsusi olaraq vurğulayan bu konqresmen 27 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç də bu cür mövqe bildirmir. Faktiki olaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqlarını görməzdən gələn ABŞ müxtəlif mövzular və bəhanələrlə əsl simasını gizlətməyə çalışır. Amma bunun üçün nə qədər canfəşanlıq etsə də, fakt faktlığında qalır.
Təəssüflə qeyd edək ki, Qərbin və K.Smitin özfəaliyyəti sadalananlarla kifayətlənmir. Belə ki, qərəzli davranışlarını təkcə Azərbaycana qarşı ortaya qoymayan K.Smit Türkiyə əleyhinə də işlər görür. O, “erməni soyqırımı” kampaniyasının fəal təşkilatçılarından biridir. Dəfələrlə Türkiyə və türk dünyasına qarşı çıxışlar etdiyi və düşmən münasibəti ilə seçildiyi üçün türkdilli ölkələr də onu qərəzli konqresmen kimi tanıyır. Elə bu məqam hər şeyi çılpaqlığı ilə ortaya qoyur və onun nəinki bizə, ümumilikdə türk və islam dünyasına olan münasibətlərini faş edir. \\ kaspi.az \\
1596 dəfə oxundu