ATƏT PA-da Lapşinlə bağlı erməni deputata cavab
ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən sessiyası zaman erməni deputatının bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının qeyri-qanuni olduğu iddiasına cavab verilib
Sessiyada iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə erməni deputatın iddialarına cavab olaraq bildirib ki, dünyanın hər bir ölkəsində onun sərhədlərini pozub qanunsuz hüdudlarına daxil olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
K.Nəbizadə ATƏT PA üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini hər bir xarici vətəndaş ziyarət edə bilər, lakin belə səfərlər yalnız rəsmi Bakının icazəsi ilə həyata keçirilməlidir.
K.Nəbizadə həmçinin ATƏT PA-nın “Böhran zamanı insan hüquqları” mövzusuna həsr olunmuş iclasında qeyd edib ki, separatizm və dünyanın siyasi xəritəsini dəyişmək cəhdləri insan haqlarının qorunmasına yox, əksinə bu haqların pozulmasına gətirir: “Məhz bu səbəbdən belə separatçı əhval-ruhiyənin yaranmasına qarşı mübarizə aparılmalıdır, əks təqdirdə böhranlar dərinləşəcək, miqrasiya prosesləri kəskinləşəcək və bu da insan hüquqlarının daha böyük miqyasda pozulmasına gətirib çıxaracaq”.
K.Nəbizadə Dağlıq Qarabağ münaqişəsinin həllində multikultural dəyərlərin və xalq diplomatiyasının önəmini vurğulayıb. O qeyd edib ki, münaqişələr yalnız beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.
822 dəfə oxundu