Türkiyədə koalisiya qurulması “dalan”a dirənib
Türkiyədə 7 iyun parlament seçkilərindən sonra yeni hökumətin qurulması üçün parlamentə daxil partiyalar arasında koalisiya qurulması üzrə danışıqlar başlayıb. Bu haqda Türkiyə saytları xəbər yayıb.
Türkiyə prezidenti Ərdoğan parlament çoxluğu kimi AKP adından danışıqları aparmaq üçün baş naziri Əhməd Davudoğluna səlahiyyət verib.
Xəbərlərə görə, son 12 ildə hakimiyyətdə olan Adalet və Kalkınma Partisi (AKP) koalisiya qurulması danışıqlarında parlamentdə 80 millət vəkili yeri əldə edən Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə razılığa yaxındır. AKP ilə koalisiya qurulması üçün MHP Ədliyyə, Daxili İşlər, Təhsil, Xarici işlər nazirlikləri başda olmaqla 9 nazirliyin verilməsini şərt olaraq irəli sürüb. AKP isə Ədliyyə və Daxili İşlər Nazirliklərini əldən vermək istəmir.
AKP isə MHP-yə parlament spikerliyini, baş nazirin iki müavini, 3 nazir postunu verə biləcəyini bəyan edib.
Daha sonra qeyd edilir ki, MHP ilə danışıqlar alınmadığı halda AKP-nin Cümhuriyyət Xalq Partiyası (CHP) ilə danışıqlara keçəcəyi bildirilir. Eyni zamanda bu da bildirilir ki, AKP-dən sonra parlamentdə ən çox millət vəkili qazanan CHP-nin koalisiya üçün şərtləri daha ağır olacağı üçün bu danışıqların uğurlu olacağına inam yoxdur. AKP-nin parlamentə daxil olan Xalqlar Demokratiyası Partiyası (XDP) ilə koalisiya quracağı isə sadəcə inandırıcı görünmür.
Bu il iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. AKP (258), CHP (132), MHP (80) və HDP (80) millət vəkililə parlamentə daxil olublar. Təkbaşına iqtidar ola bilmək üçün partiyalardan heç biri tələb edilən 276 millət vəkili yerini əldə edə bilməyib. Bu səbəb üzündən yeni hökumətin qurulması üçün partiyalar arasında kolisiya qurulması üzrə danışıqlar başlayıb.
1255 dəfə oxundu