"Azərbaycana qarşı aparılan kampaniyanın başında Almaniya dayanır" Siyavuş Novruzov
"Avropa Parlamenti məsələlərə ikili standartlarla yanaşır. Bu qurumda dinləmələrin keçirilməsi ədalətsizlik idi. Çünki BMT-nin qəbul etdiyi qətnaməyə görə, idmanı siyasətlə eyniləşdirmək olmaz. Təəssüflər olsun ki, Avropa Parlamenti və bəzi təşkilatlar idmanla siyasəti eyniləşdirirlər. Bu da onların iqtisadi maraqlarından irəli gəlir".
GUNDEMİNFO.AZ yazır ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O, Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirərkən qeyd edib ki, bu, nə demokratiyaya, nə də fikir plüralizminə uyğundur: "Hər dəfə görürük ki, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində bir sıra ölkələr, qeyri-hökumət təşkilatları erməni lobbisinin maliyyələşdirdiyi, onların maraqlarını müdafiə edən tədbirlər keçirirlər".
YAP rəsmisinin sözlərinə görə, Azərbaycana qarşı aparılan kampaniyanın başında Almaniya dayanır: "Bu işlərin başında Almaniya dayanır. Hazırda Avropanı idarə edən dövlətlərdən biri Almaniyadır. Almaniyanın da belə məsələlərə qoşulması təəccüblü deyil. Lakin onların müzakirələr zamanı qəbul etdikləri qərarların Azərbaycana heç bir təsiri yoxdur".
S.Novruzov Azərbaycanla bağlı ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən dinləmələrə də münasibət bildirib: "ABŞ-da bir neçə şəxs var ki, Azərbaycana qarşı kampaniya aparırlar. Təəssüf edirəm ki, həmin insanların içində xarici təşkilatlar tərəfindən ələ alınmış azərbaycanlılar da var. Onların Azərbaycana qarşı qərəzli mövqeyi göstərir ki, demokratiya, fikir plüralizmi sözdədir, əməldə deyil. Ümumiyyətlə, bu dövlətlər Azərbaycanda xalqla iqtidarın birliyini, cəmiyyətin ölkə başçısının siyasətini dəstəkləməyini həzm edə bilmir. Bütün bunlara baxmayaraq, biz həmin dövlətlərlə münasibətlərimizi, səmimiyyətimizi saxlayırıq. Amma onlar Azərbaycana qarşı qeyri-səmimidirlər".
1216 dəfə oxundu