Nəzarət Palatası problemləri həll edə biləcəkmi?

Nəzarət Palatası problemləri həll edə biləcəkmi?


Prezident İlham Əliyev fevralın 3-də verdiyi fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb.

Fərmana görə, yaxın bir ayda Palatanın nizamnaməsi təsdiq ediləcək və Palata uzağı Novruz bayramına qədər fəaliyyətə başlayacaq. Fərmanda nəzərdə tutulduğu kimi Palata Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılacaq. Əlavə olaraq 2 Xidmət - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yeni quruma qoşulacaq.

AzVision.az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyevin fikrincə, Palatanın vəzifəsi əsasən 3 istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq:

“Bu, kifayət qədər məsuliyyətli bir dəyişiklikdir. Dəyişikliyin məğzi bu gün çox aktual olan riskin həllinə - ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış “soyuq müharibə”, onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə offsaydda qalması maliyyə bazarının dayanıqlığına üçün təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünə təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaqla onları yerində otuzdurmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandırmaq olar. Qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir”.

Ekspert bildirib ki, dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir və hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir:

“Ən geniş yayılmış model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilirlər. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlığını və etibarlılığının artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır”.

Palatanın işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi? sualına cavabında ekspert vurğulayıb ki, hələki bu barədə fikir söyləmək tezdir: “Çünki Palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Yəni Palatanın funksiyaları daha çox texniki olacaq, yoxsa müəyyən normaları yaratmaq səlahiyyəti də olacaq? Bu qurum maliyyə institutlarını faktiki olaraq narazı salacaq və onları özündən asılı edəcək işləri icra edəcək. Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.

Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə, Palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Naziriyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...