Əli Əhmədov: “Belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiq edə bilməz ”

Əli Əhmədov: “Belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiq edə bilməz ”

“Bu gün gənclərin Yeni Azərbaycan Partiyasında əldə etdikləri təcrübə gələcək fəaliyyətlərində mühüm rol oynayacaq”.
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bu gün keçirilən IV konfransında baş nazirin müavini Əli Əhmədov söyləyib.


Ə. Əhmədov gənclərlə bağlı gözləntilərini açıqlayıb: “Gənclik dövründə formalaşan xarakter bütövlükdə gəncin taleyini müəyyənləşdirir. Partiyaya Heydər Əliyev ideyalarına sədaqət arzulayıram. Bu keyfiyyətlərə sahib olsanız, bu keyfiyyətlər həyatda uğur qazanmanızı təmin edəcək. Mən gənclərin çox oxumasını, müasir dünyagörüşünə malik olmalarını istəyirəm. Yeni Azərbaycan Partiyasının gəncləri dərin biliklərə malik olmalı, Azərbaycanın taleyini müəyyən edəcək insanlar kimi fəaliyyət göstərə bilməlidirlər”.

Ə. Əhmədov qeyd edib ki, gənclər xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edirlər: “Gənclər dünyada Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırmaq imkanına malikdirlər və gənclər bu istiqamətdə çalışmalıdırlar. Gənclərimiz vətənpərvər olmalı, Vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmağı bacarmalıdırlar. Gənclər Azərbaycanın imicinin dünyada yaxşı formada təqdim olunmasına kömək etməlidirlər. Həqiqi vətənpərvər gənc odur ki, qürur mənbəyi milləti, xalqı, dövləti, ölkəsi olsun. Belə olan halda hər bir gənc əsl vətənpərvər olacaq və belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiq edə bilməz”.

Ə. Əhmədov bildirib ki, bu gün YAP sıralarında 650 mindən çox insan cəmləşib: “Bu, təkcə statistika deyil, bu insanların Heydər Əliyev ideyalarına dərin məhəbbət və sədaqətin, dövlətçiliyimizə sədaqətin ifadəsidir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq sədaqətli vətəndaş olmaq deməkdir. Ölkəmizi gələcəkdə idarə edənlər bu gənclərin içərisindən seçiləcək. Siz nə qədər məsuliyyətlə üzərinizə düşən vəzifəni yerinə yetirsəniz, Azərbaycanın firavanlığı daha da artacaq”.

Ə. Əhmədov YAP Gənclər Birliyinin bu konfransda seçilən yeni rəhbərliyinin başçılığı altında Gənclər Birliyinin daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...