Azərbaycanda qrip əleyhinə vaksinasiya aparılır - ƏMR
Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sənəddə 2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar, eləcə də digər dövlət tibb müəssisələrinə tövsiyələr verilib.
Respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2022-ci ilin oktyabrın 10-dən başlayaraq bir ay ərzində həyata keçirilməsi eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.
Əmrdə, eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması, respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.
553 dəfə oxundu