MTRŞ-dan ANS-ə xəbərdarlıq
Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının verilişlərinin ANS TV-nin efirinə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov report.az-a deyib ki, veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər:
«ANS-in «Sən tək deyilsən» və «Xoşqədəmlə axtarıram səni» verilişləri konkret qanun pozuntularına görə dayandırılmışdı. Qanunda verilişi bir aylıq dayandırmaq səlahiyyətimiz var. Veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər. Amma əvvəl yol verilmiş pozuntular təkrarlanmamalıdır. Kanalın verilişə cavabdeh olan şəxsləri bunu anlayırlar. Bununla belə, əvvəlki hallar davam edərsə, verilişə görə kanala qarşı görülə biləcək növbəti inzibati tənbeh tədbirləri davam edə bilər. Bu isə müsbət nəticələr verməz».
Şöbə müdiri bildirib ki, «Televiziya və radio yayımı haqqında» Qanunun 23.2.8-ci maddəsinə əsasən, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə, lisenziyası dayandırıla bilər. «Yəqin ki, kanal əvvəlki formatda və həmin pozuntularla verilişi davam etməz və sonluq da belə olmaz», - şöbə müdiri əlavə edib. MTRŞ-nın qərarı ilə ANS TV-də yayımlanan «Xoşqədəmlə axtarıram səni» və «Sən tək deyilsən» proqramları oktyabrın 5-dən etibarən bir ay müddətinə bağlanıb.
1245 dəfə oxundu