“Bu qədər ədalətsizlik olar ?” - Əli Həsənov

“Bu qədər ədalətsizlik olar ?” -


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov oktyabrın 29-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoftun rəhbərlik etdiyi nümayəndə heyətini və BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Görüşdə bildirilib ki, Azərbaycan hökuməti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Ə.Həsənov BMT QAK-na rəhbərlik etmiş 4 ali komissarın Azərbaycana səfərini, hətta xanım Sadako Oqatanın Ulu Öndər Heydər Əliyevlə görüşünü minnətdarlıqla xatırlamış və qeyd edib ki, BMT QAK 20 il ərzində Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu bir təşkilatdır və fəaliyyət müddəti ərzində bu təşkilat heç zaman öz nizamnaməsindən kənara çıxmayıbdır.

Görüşdə Əli Həsənov deyib ki, dünyada məcburi köçkünlər qaçqınlardan sayca çoxdur. Məcburi köçkün problemi daha ciddidir. Çünki məcburi köçkün öz ölkəsində qaçqın düşüb: `İnsan öz ölkəsində nə üçün köçkün olubdur?. Onlar bu gün dünyanın problemidir. Biz bu məsələləri ölkəmizdə səfərdə olarkən Ali Komissar Antonio Quterreşlə geniş müzakirə etdik və o, Cenevrəyə qayıtdıqdan sonar BMT QAK məcburi köçkünlərlə daha yaxından məşğul olmağa başladı. Bu gün dünyada məcburi köçkünlərin beynəlxalq aləmdə hüquqi baxımdan onların problemlərinin tənzimlənməsində ciddi boşluqlar var. Ona görə də beynəlxalq aləmdə məcburi köçkünlərlə bağlı ümumi bir konvensiya yaratmaq və qanunvericilik bazası təkmilləşdirilməlidir. Çünki dünyada bu problemin miqyası, qaçqın və məcburi köçkünlərin sayı ildən-ilə artır. Bu gün dünyada gedən proseslər, ədalətsizliklər, haqsızlıqlar artmaqdadır. Bütün bu problemləri yaradan da böyük dövlətlərdir. Böyük dövlətlər öz maraqları ətrafında konfliktləri artırırlar. Bütün bunlardan isə əziyyət çəkənlər günahsız insanlardır. Siyasətçiləri hər gün həlak olan insanların taleyi maraqlandırmır. Onlar öz maraqları ətrafında mübarizə aparırlar. Onlar bu problemi yaradır, biz də sizinlə bu problemin humanitar tərəfi ilə məşğul oluruq`.

Bütün bunlardan təəssüfləndiyini bildirən Ə.Həsənov dünyada baş verən proseslərə də toxunmuş, bütün bunları dünyaya demokratiya dərsi keçməyə çalışanların, insan hüquqlarının qorunmasından danışanların ikiüzlü siyasətinin nəticəsi kimi dəyərləndirərək baş verənlərdən narahatlığını ifadə edib.

Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyindən, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan baş nazirin müavini bu yaxınlarda ATƏT-in Minsk qrupunun üzvləri ilə görüşdüyünü xatırladıb:

`Görüşdə mən onlara bildirdim ki, sizdən yalnız bir xahişim var, heç olmasa onu mənə deyin. Bizim günahımız nədir? Bu qədər ədalətsizlik olar? Biz kimə nə etmişik? Heç kimin torpağın işğal etməmişik. Bütün dünya üçün açıqıq. Avropanın ən mühüm tədbirlərinə də ev sahibliyi edirik. Hətta Avropanı enerji resursları ilə də təmin edirik. Daha nə etməliyik ? 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Görün neçə ildi keçib? Əgər o qətnamələrin icra mexanizmi varsa onda niyə bizimlə bağlı qəbul olunmuş o qətnamələr icra olunmur? Bu ayrıseçkiliyin səbəbi nədir?`.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və həmişə uğurlar əldə edir. Onun sözlərinə görə, Azərbaycan son 5-6 ildə dünya ölkələri sırasında iqtisadi inkişaf tempinə görə ön yerlərdədir. Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır:

`Lakin bu gün Prezident İlham Əliyev ölkənin strateji inkişaf istiqamətlərini başqa istiqamətə yönəldib. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. İnsan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemidir`.

Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. O xatırladıb ki, son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 93 müasir qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. Baş nazirin müavini Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib.

Görüşdə Henrik Nordentoft Azərbaycanda səfərdə olarkən iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyib və Azərbaycan hökumətinin qaçqın və məburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirlərdən heyran qaldığını bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkənin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...