“Kürdəmirin icra başçısı ölkədən qaçmayıb”
Eldar Mahmudovun nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyində və digər bir neçə dövlət qurumunda təmizləmələr aparılır. Baş verən sensasion həbslər sırasında Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun da qandallanması da yer alır. V.Zeynalovu oktyabrın 26-da axşam həbs ediblər. Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.
Yayılan xəbərlərdə deyilir ki, Vidadi Zeynalov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla yeznə-qayındır. Ölkə mediasında dünən yayılan daha bir xəbərdə isə deyilir ki, Vidadi Zeynalovun həbs edilməsi Ceyhun Cəfərovu qorxuya salıb və artıq bir neçə gündür icra başçısı qaçıb.
İcra başçısının qaçdığı barədə xəbəri və Vidadi Zeynalovla qohum olub-olmadığını dəqiqləşdirmək üçün dünən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzovla danışdıq. Tacəddin Novruzov musavat.com-a bildirib ki, icra başçısının işə gəlmədiyi və qaçdığı barədə yayılan xəbər tamamilə yalandır: “Hazırda cənab başçı iş yerindədir. Rayonda quruculuq işlərinə rəhbərlik edir. Mən başa düşmürəm ki, bəzi saytlar niyə dəqiqləşdirilməmiş yalan xəbərləri yayırlar. Bunun mənası nədir, anlamaq olmur. Yazırlar ki, birinci müavin öz hayındadır və sair. Bütün bu yazılanlar uydurmadır. Olmayan şeyi yazmasınlar. Olanı yazsınlar, olanı yazsalar adama pis təsir etməz. Ceyhun Cəfərov oturub iş otağında, işində-gücündə, bir də baxırsan ki, hansısa sayt götürüb yazır ki, Kürdəmirin icra başçısı işə gəlmir, qaçıb. Belə qeyri-ciddilik olmaz axı”.
Vidadi Zeynalovla Ceyhun Cəfərovun qohum olub-olmadığına gəlincə, T.Novruzov deyib ki, bu barədə dəqiq məlumata malik deyil: “Qohumluq məsələsi barədə dəqiq bir şey deyə bilmərəm. Bilmirəm onlar qohumdurlar, ya qohum deyillər. Mən cənab başçının bütün qohumlarını tanımıram. Dediyim odur ki, cənab başçı işinin başındadır”
1439 dəfə oxundu