“Eldar Mahmudovun başına gələnlərdən sizin üçün də var” - Aktyor nazir müavinini hədələdi
Bir müddət Akademik Milli Dram Teatrının ətrafında baş verən qalmaqalllar səngisə də ötən gün yeni biri yaranıb. Bu dəfəki qalmaqalda isə Mədəniyyət və Turizm Nazirliyinin adı hallanır. Belə ki, teatrın aktyorları bu günlərdə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı keçiriləcək dövlət səviyyəli tədbirdə teatrın kənarda qalmasından narazılıq edib. Bu barədə AzNews.az-a açıqlama verən əməkdar artist Əli Nur bildirib ki, teatrın tədbirdən kənarda qalması nazir müavini Ədalət Vəliyevin göstərişi əsasında olub:
“Oktyabrın 30-da Heydər Əliyev Sarayında şairin 90 illik yubileyi keçirəcək. Dövlət səviyyəsində keçirilən bu yubileyə Akademik Milli Dram Teatrının repertuarında olan “Özümüzü kəsən qılınc” tamaşası salınıb. Şuşa teatrının aktyorları biizm teatrın aktyorlarının paltarını geyinib səhnəyə çıxacaq. Bu ağzı söz tutmayan, toylarda oxuyub, tamadalıq edən gülünc aktyorların ifası Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Həmin tamaşanın 30-a yaxın aktyor heyəti var, hamısı sağ-salamatdır. Nurəddin Mehdixanlı, Ramiz Məlik, Hacı İsmayıl, Məleykə Əsədova, Sənubər İsgəndərli, Laləzar İsmayılova, Rafiq Əzimov və b. Güclü aktyor truppası ola-ola səhnəyə tamada aktyor çıxır. Bunu nazir müavini Ədalət Vəliyev edib.
Əziz Ədalət müəllim! Eldar Mahmudovun başına gələnlərdən sizin üçün də var. Gərək mətbuat konfransı keçirib bunları ictimaiyyətə deyək? Bu, Azər Paşa Nemətova, bütün kollektivə hörmətsizlikdir”.
Olayla bağlı Akademik Milli Dram Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı “Yeni Müsavat”a açıqlama verib. Teatr rəsmisinin sözlərinə görə, bu dövlət tədbiridir, iştirak məsələsini teatr həll etmir: “Teatr nazirliyin balansındadır. Nazirlik hansı məsələni necə həll etmək istəyirsə, buna özü qərar verir, teatr isə yalnız icra edir.
Tədbiri Opera və Balet Teatrının rejissoru hazırlayır, rejissor tədbirə istəlinən teatrın ya ümumən kollektivini, ya da hər hansı bir aktyorunu fərdi olaraq dəvət edə bilər, bu onun səlahiyyətindədir”.
Teatr rəsmisi Şuşa teatrının aktyorlarının Akademik Milli Dram Teatrının paltarları ilə səhnəyə çıxması iddialarına da münasibət bildirib:
“Bu barədə məlumatım yoxdur, aktyor Əli Nur nə istəsə danışır”.
Xatırladaq ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Həmin sərəncama görə, Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırılıb.
1374 dəfə oxundu