Vergi borcu olanlar xaricə gedə bilməyəcək - DƏYİŞİKLİK
Azərbaycanda vergi borcunu ödəməyənlərin xaricə getməsi çətinləşəcək. Fins.az-ın məlumatına görə, bu barədə Mülki Prosessual Məcəlləyə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Hazırda Milli Məclisdə baxılan qanun layihəsinə görə Mülki Məcəllənin 305 və 355-ci maddəsinə dəyişiklik edilib.
Bu dəyişikliklərdən sonra vergi borcu olanların ölkədən çıxışına qadağa qoyulması asanlaşacaq. Belə ki, hazırda qüvvədə olan mexanizmə əsasən, vergi borcu olan şəxsin xaricə çıxışına qadağa qoyulması üçün iş bir neçə mərhələdən keçməliydi. Belə ki, nazirlik tərəfindən vergi borcunu almaq mümkün olmadıqda, Vergilər Nazirliyi həmin şəxsi məhkəməyə verir və borcun alınması Ədliyyə Nazirliyinin İcra idarəsinə həvalə edilirdi. İcra idarəsi də borcu ala bilmədikdə ikinci dəfə məhkəməyə müraciət etməklə həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyurdu. Mütəxəssislər bildirir ki, bu proses xeyli uzun və bir neçə mərhələdən ibarət olduğuna görə, həddən artıq vaxt aparır və lazım olan effeti vermirdi. Üstəlik, borcu olanların ölkədən çıxışına heç də həmişə qadağa qoyulması mümkün olmurdu.
Dəyişikliklərdən sonra isə bu proses qısalacaq və sadələşəcək. Belə ki, dəyişikliklərdə Vergilər Nazirliyinə səlahiyyət verilib ki, birbaşa məhkəməyə müraciət edərək borclunun ölkədən çıxışına qadağa qoya biləcək. Ekspertlərin fikrincə, bu yenilik, vergi borclarının yığılmasına müsbət təsir edəcək.
1239 dəfə oxundu