Rəsul Quliyev müxalifəti biabır etdi
“İllərdir ki, müxalifət öz istəyinə çatmaq üçün bütün yalanlara, böhtanlara əl atır. Müxalifət partiyaları məqsədlərinə çatmaq üçün istənilən yalanı, böhtanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlar etməyə qadirdilər”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sabiq spikeri Rəsul Quliyev deyib.
O bildirib ki, bugünkü müxalifətin 90 faizi 90-cı illərdən qalma müxalifətçilərdir: “O vaxt 30-35 yaşları olanlar, artıq 50-60 yaşı haqlayıb, bəziləri isə 60-70 yaş həddindədir. Həmin o yaşlarından “siyasətin mahiyyəti məqsədinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlardır” ideologiyasına söykənib eyni siyasətlərini 24 ildir davam etdirirlər. Belə bir yolu ideologiya kimi qəbul etmiş müxalifətçilərin xalqın inam və ümidini mütləq şəkildə itirəcəklərinə şübhə ola bilməzdi. İndi onların müxalifətçilik imkanları sıfıra bərabərdir. İnsanlar artıq onların müxalifətçilik imitasiyalarına da məhəl qoymur. Ancaq gənc yaşlarından yalan pafoslu şüarlarla, demoqoqik çıxışları ilə diqqəti cəlb etməyə öyrənmişlərin artıq 50-70 yaşlarında dəyişmək şansları yoxdur. Bu partiyalar bir-birlərinə qarşı münasibəti Fatmanisənin qonşusu ilə savaşı səviyyəsində qururlar, bir-birlərinə qarşı olmazın təhqir və söyüşünü yağdırırlar”.
Rəsul Quliyev vurğulayıb ki, artıq müxalifət düşərgəsindəki durum, həqiqətən də onların arxivə atıldığını sübut edir: “Belə olan halda seçkilərdə qalib gələcəkləri ilə bağlı iddialar irəli sürmələri doğurdan da həyasızlığın son həddidir. Bu gün müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər”
Eks-spiker əlavə edib ki, nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür: “Ölkədə heç bir alternativin olmadığını görən xarici təşkilatlar bəlkə bu rejimə yaxınlaşmaqla onun müəyyən reformalar etməsinə nail olaraq siyasətinə üstünlük verdilər. Yeni təşkilatlar yaradılmasa, köhnə qurumlar hakimiyyəti daha da gücləndirəcəklər. Məsələn, “Milli Şura”nın “Seçki saxtalaşdırıldı” və “Cəmil müəllim bizim prezidentdir” deməkdən başqa bir şüarı yoxdur. Bununla da heç bir diqqətə nail olmaq mümkün deyil. Bir daha indiki stukturların özlərini buraxması tamamilə yeni bazada real, praqmatik müxalifətin formalaşmasından başqa bir yolun olduğunu görmürəm”.
1306 dəfə oxundu