"Lidinqton Avropada media ilə bağlı baş verən proseslərə münasibət bildirsin"

"Lidinqton Avropada media ilə bağlı baş verən proseslərə münasibət bildirsin"


GUNDEMİNFO.AZ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun AZƏRTAC-a müsahibəsiNİ TƏQDİM EDİB:

– Hörmətli Novruz müəllim, Xədicə İsmayılovanın məhkəməsinin nəticəsi ilə bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqton çox narahat olduğunu bildirib və Azərbaycana bir neçə çağırış yönəldib. Bununla bağlı siz nə deyə bilərsiniz?

– Bəli, belə bir bəyanat nazir tərəfindən səsləndirilib. Hər şeydən əvvəl onu demək istəyirəm ki, bu, David Lidinqtonun Azərbaycanla bağlı ilk mövqeyi deyil. O, Avropa üzrə nazir olmasına baxmayaraq, Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarır və dəfələrlə bunu edib. Avropa işləri üzrə nazir olsa da, görünür, Azərbaycandakı proseslər cənab naziri nə üçünsə ən çox maraqlandıran məsələdir. Bu sahədə həmişə birinci olmaq istəyir. Elə buna görə də Avropa İttifaqının digər rəsmilərini qabaqlamağı qərara alıb və buna nail olub.

Öz bəyanatında cənab nazir Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağırır. Lakin David Lidinqtonun özü isə beynəlxalq hüquq və öhdəliklər barədə susmağı üstün tutur. Ona sual ola bilər ki, qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı? Nə üçün Birləşmiş Krallığın adından, fürsət düşən kimi, Azərbaycanla bağlı subyektiv bəyanatlar verir və mövqe bildirir, lakin beynəlxalq hüququ bu illər ərzində heç olmasa bir dəfə yada salıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqınlarla bağlı mövqe bildirmir.

Cənab Lidinqton Avropa üzrə nazirdir və Avropada gedən proseslərlə bağlı mövqe bildirsə daha yaxşı olardı. Üç ildən artıqdır bütün hüquqlarından məhrum olmuş, həbs şəraitində sığınacaq tapmış Julyen Asanjla bağlı insan hüquqları baxımından bir bəyanat versəydi, o, doğrudan da qərəzli olmadığını nümayiş etdirərdi.

Azərbaycandakı proseslər isə həm Azərbaycan qanunları, həm də beynəlxalq hüquqa uyğun aparılır. David Lidinqtonun haqqında bəyanat verdiyi şəxs cinayət əməlinə görə məsuliyyətə cəlb olunub. Yaxşı olardı ki, cənab Lidinqton Avropada media ilə bağlı baş verən proseslərə münasibət bildirsin.

Araşdırmalar göstərir ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Görün, bunlarla bağlı cənab Lidinqton bir dəfə bəyanat veribmi?

Son vaxtlar miqrantlarla bağlı proseslərin yaranmasının, indiki böhran həddinə çatmasının, onların çoxlu sayda həlak olmasının məsuliyyəti Aİ-nin üzərinə düşür. Bu hadisənin həm siyasi, həm insan hüquqları baxımından təhlil edilib nəticə çıxarılması Aİ strukturlarının bir nömrəli vəzifəsidir. Cənab Lidinqton və digər məsul rəsmilər bu məsələ ilə məşğul olsalar daha yaxşı olar.

Təəssüflə deməliyik ki, özlərini media azadlığının carçısı sayan Aİ strukturlarının nümayəndələri, eləcə də cənab David Lidinqton bir dəfə də olsun bu hadisələrdən danışmırlar. Belə olan halda öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranların niyyəti, məqsədi nədir?

Bütün bunlar Azərbaycana qarşı qərəzli və məkrli niyyətlərin göstəricisindən başqa bir şey deyil. Bir də onu bildirmək yerinə düşər ki, Azərbaycan müstəqil daxili və xarici siyasəti olan dövlətdir, onun daxili işlərinə qarışaraq qərəzli bəyanatlar verməyə heç kimin hüququ yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...