MTN generalı məhkəmədən bəraət istəyib

MTN generalı məhkəmədən bəraət istəyib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E. Quliyev son sözlə çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini, günahsız olduğunu və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.

Prokuror DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.


Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...