Rəsmi Bakı Şuşadakı festivala kimlərin gəldiyini araşdırır
“Ermənilərin Şuşada “ArtsaxEtnoFest” adlı beynəlxalq festival keçirməsindən məlumatımız var. Xarici İşlər Nazirliyi artıq bu gün Şuşada başlayan həmin festivalda hansı ölkələrdən kimlərin iştirak edəcəyi istiqamətində aradırmalara başlayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Nazirlik sözçüsü bildirib ki, Dağlıq Qarabağda ermənilərin festivalına qatılan xarici qonaqlar dəqiqləşidiriləcək: “Şuşadakı festivala qatılacaq xarici qonaqların kimliklərini dəqiqləşdirilməsi həyata keçirilir. Həmin festivalın mahiyyəti və keçirilmə məqsədi daha da aydınlaşandan sonra konkret addımlar atılacaq”. Hikmət Hacıyev söyləyib ki, Şuşadakı festivalda iştirak edən xarici qonaqlar haqqında qərar qəbul olunacaq:
“Həmin şəxslər müəyyən edildikdən sonra Xarici İşlər Nazirliyi olaraq qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atılacaq.
Bu cür məsələlərdə Azərbaycanın mövqeyi hər zaman birmənalı və prinsipialdır”. Xatırladaq ki, ermənilər bu gündən Şuşada “ArtsaxEtnoFest” adlı beynəlxalq festival keçirməyə başlayıb. Festival sentyabrın 17-dək davam edəcək.
Festival çərçivəsində məşhur İsa bulağı yaxınlığındakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində müxtəlif ölkə mətbəxlərinə aid xörək və şirniyyatlar nümayiş etdiriləcək. Tədbirdə Ermənistanla yanaşı, Fransa, Rumıniya, Cənubi Koreya, Moldova, Gürcüstan və Suriyadan da kulinarlar iştirak edəcək.
Festivalın xarici qonaqları üçün ustad dərsi və müsabiqə təşkil olunacaq.
933 dəfə oxundu