Referendumdan gözlənilən siyasi nəticələr: - Dəyişikliklər Prezidentə hansı üstünlükləri verəcək?

Referendumdan gözlənilən siyasi nəticələr: -


Artıq sentyabrın 3-dən referendumqabağı təşviqata start verilib.

Konstitusiyaya təklif olunan dəyişikliklər, onun gözlənən nəticələri ilə bağlı müzakirələr cəmiyyətin və əsasən də siyasi kəsimin diqqət mərkəzindədir. Hələlik daha çox hüquqşünasların rəyləri ön plandadır və bu da təbiidir – axı ölkənin Əsas Qanunu dəyişir. Hüquqşünaslar lehinə və yaxud əleyhinə Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ən müxtəlif prizmalardan rəylərini bildirirlər…

Sözsüz ki, bu dəyişikliklər təkcə hüquqi deyil, eyni zamanda siyasi xarakterlidir. Çünki bu dəyişikliklər mövcud siyasi sistemə forma və məzmun baxımından çox ciddi dəyişikliklər gətirmək potensialına malikdir.

Dəyişiklər zərurəti nədən yaranıb?

Əslində elə bu dəyişikliklər hakim komanda üçün məhz siyasi zərurətdən yaranıb.

2014-cü ilin sonundan başlayaraq, neft gəlirlərinin aşağı düşməsinin davamlı xarakter alması və bu mərhələnin hələ uzun müddət davam edəcəyi artıq tam yəqinləşib. Neft gəlirlərinin aşağı düşməsi isə bütünlükdə bu təbii sərvətdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün fundamental problemlər və ölkədə yeni ab-hava yaradıb. Şübhəsiz ki, yaranmış bu yeni situasiya hakim komanda qarşısında yeni vəzifələr qoyur.

Artıq hakim komanda üçün aydındır ki, son iki ildəki kimi ciddi islahatlara və dəyişikliklərə getmədən, qarşıda duran yeni vəzifələri həll etmək mümkün deyil. Zaman keçdikcə isə bu vəzifələrin həlli daha da çətinləşəcək və hətta qeyri-mümkün ola bilər.

Digər tərəfdən, son iki ildə aşkar göründü ki, bir çox problemlər təkcə neftin qiymətinin aşağı düşməsi ilə bağlı deyil, həm də konkret idarəçilik problemlərindən – düzgün qərarların verilməməsindən və ya verilən qərarların icrasında ortaya çıxan əngəllərdən qaynaqlanır.

Əlbəttə ki, belə vəziyyət onsuz da pisləşən vəziyyətin bir qədər də ağırlaşmasına və cəmiyyətdə ümidsizlik meyllərini yaranmasına səbəb olurdu.Təkcə hazırda məhkəmə baxışında olan “Beynəlxalq Bank işi” və gömrükdə aparılan islahatlara baxmaq kifayətdir ki, deyilənlərin faktlarla necə təsdiqləndiyini görə bilək.

Eyni zamanda xarici borclanma, monetar siyasətlə və digər iqtisadi məsələlərlə bağlı verilən qərarlar göstərir ki, müşahidə olunan idarəçilik problemləri sadəcə məmur xətası və ya məsuliyyətsizliyindən qaynaqlanmır, əskinə sistem xarakter daşıyır.

Ortaya çıxır ki, son 10 ildə idarəetmə aparatında yaranmış sabit əlaqələr, qruplaşmalar, onların maraqları əsas amilə çevrilib və iqtisadi məsələlərdə onların mənafeləri əsas götürülür. Hətta iqtisadi böhranın getdikcə dərinləşməsi və cəmiyyətdən gələn “sos” siqnalları belə, bu yanaşmanı dəyişə bilmir.

Yəni, elmi dillə desək, mövcud sistem gerçəkliyə adaptasiya oluna bilmir, onun struktur elementləri arasında əlaqələr pozulub və vahidliyi təmin edilmir. Hətta istənilən sistem üçün çox vacib olan iyerarxiya və struktur elementlərin buna uyğun hərəkət etməsi də yoxdur. “MTN işində” bu, çox aydın göründü. Struktur elementləri avtonom vahid kimi hərəkət edirlər və mümkün olan qədər öz maraqlarını qorumağa çalışırlar. Əlbəttə ki, siyasi itaətsizlikdən danışmırıq. Söhbət sistem daxilində, sistemin tələbləri nəzərə alınmaqla funksiyaya uyğun vəzifələrin səmərli yerinə yetirilməsindən gedir…

Şübhəsiz ki, belə bir şəraitdə ayrı-ayrı islahat tədbirlərinin də səmərəsi gözlənilən nəticələri vermir. Əksinə, islahat tədbirləri də rəqabət alətinə çevrilir ki, bu da vəziyyəti daha da gərginləşdirir. Mövcud ituasiyanın dəyişməsi yalnız və yalnız köklü və miqyaslı islahatlarla mümkündür. Bu, məhz dövrün və situasiyanın ortaya qoyduğu zərurətdir.

Hazırda Konstitusiya dəyişiklikləri bəzi təqdimatlarda "monarxiya qurulması cəhdi" kimi qələm verilsə də, reallıqda bu dəyişikliklər hakimiyyətin məhz qeydolunan zərurətə reaksiyası kimi qiymətləndirilməlidir.

Bu dəyişikliklər siyasi sistemə yeni struktur elementləri (Birinci vitse-prezident və vitse-prezidentlər) əlavə edir, eyni zamanda prezident insitutunu möhkəmləndirir.

Siyasi sistemlər differensiladır və sistem nəzərəyyəsinə görəsə, struktur dəyişiklikləri sistem elmentlərinin xüsusiyyətlərini dəyişir. Əslində, bu dəyişikliklər konservativ və novator yanaşması arasındakı kompromisdir. Prezident institutunun gücləndirilməsi, birinci vitse-prezident və vitse-prezident vəzifəsinin yaradılması məhz dəyişikliklərin yarada biləcəyi problemlərin siyasi həllinə nail olmağa hesablanıb.

Prezident kompromisi

Artıq tam yəqinləşib ki, əgər islahatlar bəyan edilən forma və miqyasda aparılacaqsa, bu, mövcud idarəçilik praktikasında mümkün olmayacaq.

Eyni zamanda bu cür islahatlar hökumət səviyyəsində zəruri idarəçilik islahatlarının aparılmasını da tələb edir. Hökumət səviyyəsində idarəçilik islahatları isə artıq siyasi məsələdir və çox böyük aparat və siyasi mübarizə aparılmasını tələb edir.

Bu zaman mümkün problemlərin siyasi həlli və sığortalanma alətləri kimi prezident institunun gücləndirilməsi, birinci vitse-prezident və vitse-prezident vəzifəsinin yaradılması çıxış edir. Hakimiyyətin ötürülməsinin qurulan bu yeni mexanizmi də iqtisadi və idarəçilik islahatlarından qaynaqlana biləcək siyasi iddiaların qarşısını almağa hesablanıb.

Bu dəyişikliklərdən sonra, ilk növbədə, Baş nazir postu artıq əvvəkli qədər siyasi yük daşımayacaq və bu vəzifəni tutan fiqurun qabaqki kimi siyasi potensialı olmayacaq. Dəyişikliklərdən sonra iqtisadi və idarəçilik ishalahatlarının əsas yükünü çəkən Baş nazirin təyin edilməsi və hökumət formalaşdırılması əvvəlki qədər siyasi risk daşımayacaq.

Birinci vitse-prezident isə sırf siyasi fiqur kimi çıxış edəcək, hakimiyyətin ötürülməsi mexanizmində mərkəzi fiqur kimi böyük siyasi potensiala malik olacaq.

Birinci vitse-prezidentin idarəçilik funksiyaları ilə bağlı suallar hələ açıq qalsa da, onun prezidentin ən çox etibar etdiyi adam statusu alacağı şəksizdir. Məhz bu formal və qeyri-formal status onu siyasi sistemin əsas fiqurlarından birinə çevirir. Bu status ona birinci şəxsə çevrilmək potensialı verdiyindən, hakim komandanın liderlərindən biri kimi qəbul olunacaq.

Struktur əhəmiyyətinə görə də bu vəzifə unikal keyfiyyətlərə malikdir və yalnız prezident qarşısında hesabatlıdır.

Baş naziri parlament istefaya göndərə bilər və ya komanda üzvləri istefaya gedərək, ona təzyiq edə bilərlər. Birinci vitse-prezident üçünsə bu cür siyasi risklər yoxdur…

Vitse-prezident vəzifəsinin yaradılması da siyasi risklərin azaldılması və tarazlığın qorunması baxımından dəyərləndirilməlidir.

Vitse-prezident(lər) daha çox idarəçilik strukturu elementi kimi çıxış edəcək(lər) və böyük ehtimalla, kurator funksiyalarına malik olacaqlar.

1995-ci ildən bəri mövcud olan siyasi sistemdə formal baxımdan siyasi potensialına görə əsas fiqurlar əvvəlcə parlamentin sədri, sonra Baş nazir, 2002-ci il dəyişikliklərindən sonra isə Baş nazir və spiker nəzərdən keçirilirdi.

2002-ci il dəyişiklikləri zamanı hakimiyyətin ötürülməsi mexanizmi dəyişdiriləndə parlamentin sədri vəzifəsinin təyinatlı olmadığı nəzərə alınmışdı. Bu, özündə müəyyən risk elementləri daşıyırdı: Baş nazirlə bağlı yuxarıda qeyd etdik, spikeri isə parlamentdə asanalıqla dəyişmək mümkündür…

İndi isə mahiyyətcə yeni konfiqurasiya yaradılır: vitse-prezidentlər vəzifəsinin təsis olunması əvvəlki iki siyasi fiqurun siyasi əhəmiyyətini aşağı salır, onların siyasi potensialını çox zəiflədir. Birinci vitse-prezident, vitse-prezidentlər siyasi potensiala görə daha önə çıxırlar. Bu vəzifələrə şəxsləri isə birbaşa prezident təyin və azad edir. Bununla da sırf 1-ci şəxsin iradəsi ilə yeni güc mərkəzləri formalaşır və əsas siyasi fiqurlar müəyyənləşir…

Sonda qeyd edək ki, yuxarıda vurğuladığımız kimi, köklü islahatlar və mövcud qeyri-rasional idarəçiliyin dəyişdirilməsi zərurəti hakim komandanı mühafizəkar və novator yanaşmaları arasında kompromis variant tapmağa məcbur edib. Bu yanaşma həm də prezidentin "inqilabi dəyişikliklər, yaxud yuxarıdan islahatlar" seçimi arasında kompomisidir.

Dəyişikliklər prezidentə çox böyük manevr imkanları yaradır və yeni siyasi alətlər verir. Yeni güc və yeni imkanlar isə, təbii ki, daha böyük məsuliyyət gətirir…

Bir daha vurğulayaq ki, bu təhlil hakim komandanın dərin və miqyaslı islahatlarla gedəcəyi fikri aksioma götürülməklə yazılıb. Başlıca olaraq bu yanaşma əsas götürülməklə, Konstitusiya islahatlarından sonra siyasi sistemin necə transformasiya edəcəyi perspektivi və məqsədi dəyərləndirilib. İnanmaq istəyirik ki, digər qeyd etmədiyimiz məsələlərlə yanaşı, əsas məqsədlərdən biri də məhz dərin və kökülü islahatlara gedilməsi zərurətinin anlaşılmasdır. (strateq.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...