'Transxəzər kəmərinin Azərbaycanın hesabına tikilməsinə razı deyiləm' - Natiq Əliyev

 'Transxəzər kəmərinin Azərbaycanın hesabına tikilməsinə razı deyiləm' -


"Türkmənistan qazını Azərbaycana gətirmək, yaxud onu tranzit şəkildə Azərbaycan ərazisi üzərindən Avropaya nəql etmək bu gün olduqca tam realdır".

Bunu "APA-Economics"ə müsahibəsində energetika naziri Natiq Əliyev deyib.

"Mən sizi əmin edirəm ki, bu məsələdə heç bir texniki problem yoxdur. Biz bunu asanlıqla həyata keçirə bilərik. Qaz kəmərlərini tikmişik, yataqları da birləşdirmişik. Dəfələrlə bu məsələ bizim türkmənistanlı həmkarlarımızla müzakirə olunub. Soruşa bilərsiniz ki, bəs problem nədədir? Problem ondadır ki, Türkmənistan tərəfi heç bir qərar qəbul etməyib. Türkmənistanın vaxtilə Rusiya ilə olduqca yaxşı münasibətləri var idi, onlar öz qazını Rusiyaya satırdı. Lakin sonradan siyasi və iqtisadi səbəblərdən onlardan Asiya bazarları ilə işləməyə başladı. Türkmənistan tərəfi Avropa İttifaqı rəsmilərinə dəfələrlə bildirib ki, Avropaya 30 milyard kubmetr qaz nəql etməyə hazırdır. Türkmənistan tərəfi deyir ki, biz qazı çatdırırıq Xəzərin o birini tayına, yəni Azərbaycana, oradan isə özünüz aparın Avropaya. Bu yanaşma ciddi deyil. Danışıqlar bu şəkildə aparılmamalıdır. Belə yanaşmadan sonra təkcə məndə 100 dənə əlavə sual yaranır. Başqa sözlə, əvvəlcə bu cür layihələrin icrasında siyasi iradə, konkret fikir olmalıdır. Mənim yadımdadır ki, Günter Ottinger mənimlə görüşündə sevinə-sevinə dedi ki, mən Türkmənistan tərəfinin razılığını almışam, vəssalam, Türkmənistan qazını Avropaya çatdıracağıq. 20 ildir bu işlə məşğul olan bir adam kimi mən də dedim ki, eyforiyaya qapılmaq lazım deyil, onların indiyədək bir sazişin altında imzası yoxdur. Hər bir işdə praqmatizm olmalıdır", - deyə nazir qeyd edib.

"Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Almaniya kansleri Angela Merkellə görüşündə səsləndirdiyi bəyanata da çox ümid bəsləmək lazım deyil?" sualına isə nazir bu cür cavab verib: "Həmin bəyanatda deyilirdi ki, Türkmənistan tərəfi qazını Avropaya nəql etməyə hazırdır. Yenə deyirəm, bu cür açıqlamaları biz çox eşitmişik. Danışıqlar masası arxasında hər şeyi konkretləşdirmək, bir "yol xəritəsi" hazırlamaq lazımdır. Mən Türkmənistan prezidenti şəxsən bu məsələni müzakirə etmişik. O bildirdi ki, Türkmənistan tərəfi Azərbaycana 10 milyard kubmetr qaz nəql etməyə hazırdır. Çox gözəl! Söhbət balaca həcmdən getmir. Ancaq onlar Transxəzər kəmərini bu cür görür: biz qaz veririk, ancaq kimsə kəməri tiksin. Azərbaycan? Şəxsən bir nazir kimi mən buna razı deyiləm. Avropa İttifaqı? Onlar da bunu edə bilmir, çünki siyasi qurumdur. Avropa İttifaqı bundan maraqlıdırsa, deməli, öz şirkətləri bunu müzakirə etməlidir. Bundan sonrakı proseduru siz bilirsiniz".

Qeyd edək ki, müsahibənin tam mətni bir qədər sonra saytımızda dərc olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...