Azərbaycanda kreditləşmə niyə azalıb? - "Moody's"
"Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda bağlanan 10 kommersiya bankının ölkədə kreditləşmənin həcminin azalmasına mənfi təsir etdiyini bildirib.
"Report" "Moody's" agentliyinə istinadən bildirir ki, bankların bağlanması 2016-2017-ci illərdə kreditləşmənin azalması fonunda iqtisadi artım üzərində təzyiqini davam etdirəcək. Kreditləşmənin azalması həmçinin bankların leverec əmsalının təmin olunmasına görə maliyyələşmə ehtiyacı səbəbindən baş tutacaq. Qeyd edək ki, leverec əmsalı bankların I dərəcəli kapitalının balans aktivləri ilə balansdankənar öhdəliklərinə nisbəti kimi ölçülür. Bu da bankların kapitala ehtiyacının artması fonunda kreditləşməni məhdud saxlamasına səbəb olacaq.
"Report" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na etdiyi müvafiq dəyişikliklərlə 2015-ci il dekabrın 29-dan etibarən ölkədə fəaliyyət göstərən kommersiya bankları üçün leverec əmsalı 6%-dən 5%-ə endirilib.
Bundan başqa, zəifləyən milli valyuta onsuz da yüksək olan inflyasiyaya mənfi təsir göstərərək onun daha da artmasına, real gəlirlərin və ev təsərrüfatları istehlakının azalmasına səbəb olacaq.
Agentlik yerli valyutanın daha da ucuzlaşacağını ehtimal edir və bunun xarici valyutada olan borcun ÜDM-də xüsusi çəkisinin getdikcə artmasına və avroistiqrazlar üzrə kupon ödəmələrinin dəyərinin yüksəlməsinə səbəb olacağını proqnozlaşdırır. Buna baxmayaraq, Azərbaycanın xarici valyutada neft gəlirləri bu riskləri aradan qaldıracaq.
847 dəfə oxundu