Prezidentin növbəti hədəfi bu qurumlardır – Zahid Oruc

Prezidentin növbəti hədəfi bu qurumlardır –


Vitse-prezidentlik institutu Azərbaycan dövlət başçısının milli lider kimi qarşısına qoyduğu bütün vəzifələri reallaşdırmaq üçün ən mühüm rıçaqlardan biri olacaq. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O, 2015-ci ilin ortalarından dövlət idarəetmə sistemində başlayan islahatların daha da dərinləşdiyini bildirib:

“Bu, həm idxal-ixrac əməliyyatlarını, həm də ölkənin maliyyə, iqtisadi sferasını əhatə edir. Azərbaycanda dövlət idarəetmə orqanlarının səlahiyyətləri dəqiqləşdirilir, paralelçilik aradan qaldırılır, ayrı-ayrı hökumət qurumlarının fəaliyyəti ləğv edilir və onlar digər optimal sahəvi qurumlarla əlaqələndirilir. Əli Həsənovun dediyi kimi, konstitusiya islahatları, əslində, bunaqədərki dövrdə həyata keçirilən tədbirlərin davamıdır. Ana qanun qeyd etdiyimiz istiqamətdə dövlət qurumlarının fəaliyyətini daha da dəqiqləşdirməlidir. Çünki 1995-ci ildən başlayaraq ölkədə dinamik proseslər gedib, ictimai-siyasi münasibətlərin xarakteri dəyişib, xarici əlaqələrimiz güclənib, dünyada yeni reallıqlar meydana çıxıb. Bu, dövlət, parlament hakimiyyəti və məhkəmə orqanlarının, dövlət və vətəndaş münasibətlərinin yeniləşməsini zəruri edir”.

Millət vəkili vitse-prezidentlik institutunun yaradılmasını Konstitusiya dəyişikliyində irəli çıxan ən mühüm yenilik kimi qiymətləndirib:

“60-dan artıq ölkədə belə postun mövcudluğundan danışılsa da, ancaq ABŞ-ın idarəçiliyinin ayrılmaz bir hissəsi olan bu təsisat öz varlığını sübut edib. Bu təkcə ona görə həyata keçirilmir ki, Amerikada ümumiyyətlə Nazirlər Kabineti anlayışı yoxdur. Bu ölkədə əsasən ali icra hakimiyyəti orqanı hökumətlə vahid bir sistemdə effektli çalışmaqdadır. Amerika ilə siyasi münasibətləri fərqli olan ölkələr belə bu fenomeni etiraf edirlər”.

Z.Oruc vitse-prezidentlik institutu fonunda Azərbaycanda bundan sonrakı dövrdə hökumətin fəaliyyətinin daha çox Prezident Administrasiyası və onun çevrəsində yaradılacaq strukturlarda birləşdirilməsi ehtimalı və yaxud bu təsisatın ümumən Nazirlər Kabinetinin fəaliyyətinin təftişi üçün gərəkliliyi ilə bağlı suallara da aydınlıq gətirib:

“İslahatların baş memarı prezident və bütün dəyişiklərin başlıca hədəfi cəmiyyətin maraqlarını nəzərə almaq, çevik fəaliyyət strukturlarını meydana çıxarmaq, şəffaflıq, məsuliyyətlilik, hesabatlılıqdır. Vitse-prezidentlər şübhəsiz ki, müxtəlif sahələr üzrə görəv alacaqlar. Bu, avtomatik ona imkan verəcək ki, prezidentin nəzərdə tutduğu plan və göstərişlər zamanında reallaşdırılsın. Bu gün hökumətin ayrı-ayrı sahələrində nöqsan və çatışmazlıqlar yetərincədir və biz bunu parlamentdə hesabatlar dövründə də qeyd edirik. Məsələn, dövlət satınalmaları üzrə Azərbaycanda yüz milyonlarla vəsait xərclənir. Çünki biz bütün hallarda istər ölkə daxilində, istərsə də ölkə xaricində tenderli və ya tendersiz mal, məhsul, servis işlərini həyata keçirməliyik. Bu qədər böyük vəsaitlərin reallaşdırdığı bir qurum informasiya resurslarında özünün fəaliyyətini əks etdirə bilibmi? Yəqin ki, həmin təşkilatın ünvanını belə tapmaqda çətinlik çəkəcəksiniz. Vətəndaşlar, iş adamları, hüquqi qurumların həmin təşkilat vasitəsilə hansısa tenderə qatılması və ya hansısa əməliyyatı udması, şəffaf bir qaydada bu fəaliyyəti həyata keçirməsi ikiqat ağılasığmaz görünür. Bu da özlüyündə hətta çevik çalışan hökumətin belə fəaliyyətinə kölgə salır. Təkcə dövlət satınalmaları üzrə deyil, paralel şəkildə müxtəlif sahələrdə vətəndaş maraqlarının qorunmadığını və bir sıra hallarda kobud şəkildə pozulduğunu görməkdəydik. ASAN Xidmət modeli də məhz ölkədə ona görə bərqərar oldu ki, o sahələrdə bürokratik əngəllər və korrupsiya halları var idi. Prezident də onların bu fəaliyyətini tamam başqa bir sistemdə bərqərar etmək üçün inqilabi layihələrə imza atır”.

Millət vəkilinin sözlərinə görə, prezident referendumdan sonra hökumətin fəaliyyətini daha fərqli səviyyədə bərqərar edəcək:

“Mümkündür ki, nazirliklərin say tərkibi azaldılsın, aparılan siyasətin ağırlıq mərkəzi daha çox Administrasiya üzərinə keçsin. Bu, təkrarçılığı aradan qaldıracaq. Vitse-prezidentlər institutunun yəqin ki, iqtisadi, maliyyə, bank sektoru üzrə səlahiyyətli şəxsləri də olacaq. Yeniləşmə, kadrların dotasiyası, optimallaşdırma, cəmiyyətdən çağırışların nəzərə alınması üçün mümkündür ki, vitse-prezidentlik institutu bərqərar olduqdan sonra Nazirlər Kabinetinin fəaliyyətinə yenidən baxılsın və yaxud bu qurum ümumiyyətlə yenidən formalaşdırılsın. Referendum heç bir halda seçki institutunu ləğv etmir, xalqın öz taleyinə qərar verməsinin qarşısını almır, bütün partiyalar, siyasi qurum, birlik və hərəkatların bu yöndə mövqelərinin olması yalnız işin faydasınadır. Düşünürəm ki, bu sahədə də konstitusional dəyişikliklər Azərbaycanda hüquqi proseslərin dərinləşməsinə yol açacaq, insan hüquq və azadlıqlarının genişlənməsini təmin edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...