“Hakim məni tutdurmaq istəyir” - Torpağı başına bəla oldu

“Hakim məni tutdurmaq istəyir” -


Göyçay rayon sakini 1987-ci il təvəllüdlü Həmidov Mirsadiq Ağamusa oğlu torpaq məsələsi ilə bağlı müraciət etdiyi məhkəmə hakiminin onu həbs etdirmək istədiyini iddia edir.

M.Həmidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq onunla bağlı Göyçay Rayon Polis Şöbəsində təhqiqat aparılır.

O qeyd edib ki, məsələnin bu yerə çatmasına hakimin köməkçisi Ülkər Kərimova ilə söz mübahisəsi və Ədliyyə Nazirliyinin qaynar xəttinə şikayət etməsi səbəb olub: “Bu il fevralın 8-da atamın adına olan torpağın qonşu Nəriman Məmmədov tərəfindən zəbt olunması barədə Göyçay rayon məhkəməsinə müraciət etdik. Həmin 72 sot torpaq sahəsinin 62 sotuna “kupça” almışıq, 10 sot mübahisəli olaraq qalır. Bizə bildirdilər ki, məhkəməyə müraciət edək, qərar veriləndən sonra həmin 10 sot üçün də “kupça” veriləcək. Həmin torpaq sahəsi rayonun Qarabaqqal kəndində yerləşir.

Martın 11-də məhkəmənin ilk iclası oldu və qarşı tərəf, yəni Nəriman Məmmədov prosesə qatılmadı. Hakim Fərhad Əfəndiyev bizə dedi ki, 10-15 gün ərzində ekspertiza təyin olunacaq və onun əsasında qərar veriləcək. Təxminən 20 gün keçdi, amma bir xəbər çıxmadı. Aprelin 4-də məhkəməyə getdim, hakimin köməkçisi Ülkər Kərimovaya ekspertiza ilə bağlı məlumat almaq istədiyimi dedim. Mənə cavab verdi ki, indi başım şişib, heç bir məlumat verə bilmərəm. Əlaqə saxlamaq üçün nömrə istədim. Ağ kağıza bir nömrə yazıb verdi, sonra təkrar kağızı geri alıb səhv yazdığını dedi, başqa bir nömrə yazdı. Evə gələndən sonra hər iki nömrəyə zəng etdim, heç biri təyin olunmamışdı. Təkrar məhkəməyə getdim, dedim nömrələr təyin olunmayıb, cavab verdi ki, ikincini də səhv yazmışam. Mən də dedim niyə mənlə oyun oynayırsız, dedi “voobşe” sənə məlumat vermirəm. Ona qaynar xəttə müraciət edəcəyimi deyib çıxdım və Ədliyyə Nazirliyinin qaynar xəttinə şikayət etdim. Mənə nazirlikdən məktub gəldi ki, müraciətiniz qeydə alındı və cavab veriləcək. Bir müddət sonra qaynar xətdən mənə cavab verən Həlimə Alıyeva ilə əlaqə saxladım. Bildirdi ki, müraciətimlə bağlı rayon məhkəməsi cavab verəcək. Təkrar Göyçay rayon məhkəməsinə getdim, dedilər daha burada heç kim sənə cavab verməyəcək. Hakim Fərhad Əfəndiyevlə görüşmək istədim, dedilər hakim sənlə zidd düşüb və səndən prokurorluğa şikayət olunub”.

M.Həmidov bildirir ki, demədiyi “utanmaz” sözünə görə onu həbs etmək istəyirlər: “Bir neçə gün sonra rayon prokurorluğundan zəng edib dedilər Ülkər Kərimova sizdən şikayət edib və bildirib ki, siz ona “utanmaz” demisiz. Mən də belə bir söz demədiyimi qeyd etdim. İşi ordan polisə göndərdilər, şöbədə də ifadəmi aldılar və dedilər ki, biz işi məhkəməyə göndərməyə məcburuq. Çünki Fərhad Əfəndiyev tapşırıb ki, iş məhkəməyə göndərilsin və mənə 2 aylıq həbs cəzası verilsin”.

M.Həmidov qeyd edib ki, məsələ ilə bağlı bir neçə gün öncə prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya və ədliyyə naziri Fikrət Məmmədova müraciət edib: “İş araşdırılmasa, bu haqsızlığa diqqət çəkmək üçün Göyçay rayon məhkəməsinin qarşısında özümü öldürəcəyəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Göyçay rayon məhkəməsinə müraciət etdik. Məhkəmədən bildirildi ki, Ülkər Kərimova icazəlidir və telefonlara cavab vermir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...