Bakıda anası ilə birgə öldürülən şirkət rəhbəri imiş - FOTOLAR
Bakıda anası ilə birgə qətlə yetirilən şəxsin şirkət rəhbəri olduğu məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Molla Cümə küçəsindəki evdə anası Janna Məhərrəmova ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub.
Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır. Qətlin hansı şəraitdə və hansı səbəbdən törədilməsi hələlik tam məlum deyil.
* * *10:00
Bakıda mənzildən iki meyit tapılıb.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısını açıblar. Mənzildən hər iki şəxsin cəsədi aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1024 dəfə oxundu