Paşinyandan kəskin dönüş: MİT rəisi İrəvana gələ bilər

Paşinyandan kəskin dönüş: MİT rəisi İrəvana gələ bilər
Beynəlxalq siyasət üzrə ekspert Elxan Mehdiyev Teleqraf.com-a müsahibə verib.

GUNDEMİNFO.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan sonra Baş nazir Nikol Paşinyan da Rusiya haqda sərt danışdı. Baş nazir Rusiyanı Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilməməkdə ittiham etdi. Sizcə, son günlərdə Ermənistandan Rusiya əleyhinə açıqlamaların artması nə əlaqəlidir?

- Çünki Ermənistana görə, Rusiya sülhməramlıları Qarabağda onların maraqlarını ifadə etmir. Onlar hesab edirlər ki, Rusiya sülhməramlıları Xankəndi-Şuşa yolunda davam edən aksiyamızı dağıtmalı və yolu açmalıdır. Daha dəqiq desək, onların baxışı budur. Rusiya sülhməramlıları isə bunu etməz, edə bilməz. Çünki bu, onların missiyasına aid deyil. Amma Ermənistan əksini düşünür. İndiyə kimi də bir sıra “arqumentlər” gətirirlər, məsələn, Fərrux, Sarıbaba və s. bağlı. Yəni arzularının həyata keçməməsini sülhməramlılara bağlayırlar. Hesab edirlər ki, onlar erməni maraqlarını tam şəkildə ifadə etmir, buna görə də narazılıqlarını dilə gətirirlər.

- Belarusdan sonra Ermənistanın da Rusiya ilə “İttifaq Dövləti”ndə birləşməsi müzakirə mövzusudur. Paşinyan və Qriqoryan son açıqlamalarında ilk dəfə rəsmi qaydada bu haqda danışdılar. Belə bir ehtimal nə qədər mümkündür?

- Hesab edirəm ki, bu, Paşinyan hökuməti dönəmində mümkün deyil. Əksinə, Paşinyan hökuməti Rusiyadan uzaqlaşmaq, Avropa Birliyi və ABŞ-la yaxınlaşmaq əzmindədir. Bu kontekstdə Ermənistanın Rusiya ilə “İttifaq Dövləti”ndə birləşməsi mümkün deyil. Xüsusən də Ukraynada müharibənin davam etdiyi vaxtda. Çünki tutduqları yol fərqlidir.

- Qeyd etdiyiniz kimi, Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, KTMT və Avrasiya Birliyindən çıxarmaq səyləri də müzakirə mövzusudur. Bu kontekstdə Rusiyanın bir nömrəli əleyhdarı Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinin (MI6) rəhbəri Riçard Murun İrəvana səfəri müzakirə edilir. Ermənistan baş nazirinin bu səylərindən gözləntiniz necədir?

- Hesab edirəm ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA), ardınca Briyaniya kəşfiyyatının rəhbərlərinin Ermənistana səfərləri İrəvanın xarici siyasətinin dəyişməsinin ifadəsidir. Bunlar Ermənistanın Rusiyadan uzaqlaşaraq, Avro-Atlantik məkana inteqrasiya etməsini göstərən amillərdir. Belə hallarda ölkə fundamental siyasi dönüşə qərar verdiyi zaman, ilk növbədə, bu cür kanallarla siyasətini dəyişdirdiyini çatdırır. Hesab edirəm ki, gələcəkdə, yaxın aylarda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisinin də İrəvana səfəri mümkündür. Çünki Ermənistan artıq bu yolu tutub və bu yöndə də çalışır.

- Bəs Ermənistanın öz xarici siyasət oxunu dəyişməsi Azərbaycanın maraqlarına uyğundurmu?

- Zənnimcə, uyğundur. Ermənistanın Rusiyadan uzaqlaşaraq, sivil dünyaya açılması, həm də onun öz siyasətini dəyişməsi və bu kontekstdə bəzi iddialarından vaz keçməsi deməkdir.

Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi və Rusiyanın köməyi ilə onun himayəsində bunu ört-basdır etməyə çalışırdı. Amma indi Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayır, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınır və Ermənistan dünya birliyinə inteqrasiya edir, Türkiyə ilə normal münasibətlər qurur, müstəqil dövlət kimi Avropanın demokratik ölkələri ilə hərəkət edir. Beləliklə, bu müstəqilliyin ona gətirdiyi qazancları açıq-aşkar görür, sülh və əməkdaşlığa çalışır. Bununla da keçmiş dövrün qaydaları keçmişdə qalır. Bu da Azərbaycanın maraqlarına uyğundur. Çünki Azərbaycan da öz qonşuluğunda demokratik, sülh və əməkdaşlıq istəyən bir ölkənin olmasını istəyir ki, öz təhlükəsizliyi də təmin olunsun.

- Başqa bir gündəm mövzusu Moskvadan Xankəndiyə göndərilmiş Ruben Vardanyanla bağlıdır. İddiaya görə, Vardanyan baş separatçı Araik Arutyunyanın yerini tutmağa hazırlaşır, əsas hədəfi də Ermənistan baş naziri postuna gedən yolunu açmaqdır. Vardanyanla bağlı bu və digər iddialarla bağlı fikriniz necədir?

- Vardanyan erməni millətçisi, Azərbaycanın öz ərazilərini azad etməsini qəbul etməyən bir fərddir. Bundan başqa, Vardanyan tanınmış, geniş əlaqələrə və milyardlara sahib olan bir şəxsdir. İndi bu üstünlüklərindən istifadə etməyə və ya bunlara arxalanaraq, nəsə etməyə çalışır. Hesab edirəm ki, Vardanyan il ərzində Moskvada Rusiyanın siyasi dairələrində görüşlər keçirib, razılıq alaraq bura gəlib. Bu da Prezident Putinin “Valday” Forumunda bildirdiyi fikirlərlə tam üst-üstə düşür. Putin ermənilərə dedi ki, əgər siz Qarabağın Azərbaycanın suverenliyində qalmasını istəyirsinizsə, ABŞ-ın planını qəbul edin.

Bu o deməkdir ki, Putin də Qarabağın Azərbaycanın suverenliyində qalmasına razı deyil. Vardanyan da bu duyğularla yanan erməni millətçisidir. Özünün işini, pulunu, var-dövlətini kənara qoyub Xankəndiyə gəlib ki, Rusiyanın dəstəyi ilə Azərbaycanla mübarizə aparsın və suverenliyimizin bu ərazilərdə bərpa olunmasına imkan verməsin.

Düşünürəm ki, kənar qüvvəyə arxalanan Vardanyanın fəaliyyəti avantüradır. Çünki Azərbaycan xalqının, dövlətinin və ordusunun ürəyi Qarabağda döyünür, yəni millət bu məsələdə bir yumruq kimi birləşib. Vardanyan isə 88-ci ilin xülyası ilə bura gəlib ki, “xalq”ı yenidən ayağa qaldırsın, bir “hərəkat” başlatsın və öz əlaqələrindən istifadə edərək, bu əraziləri Azərbaycandan qoparsın. Amma təkcə Vardanyanın yox, digərlərinin də bu məqsədlərinin heç bir perspektivi yoxdur, ora kim gəlir-gəlsin, bunu edə bilməyəcəklər. Çünki Azərbaycanın indiki durumu və ordumuzun orada tutduğu mövqe buna imkan vermir.

Şuşa-Xankəndi yolunda davam edən aksiya da Vardanyan və digərlərini çıxılmaz durumda qoyur. Digər yandan, İrəvandakı hökumət də Vardanyanı istəmir, onu qəbul etmir. Çünki onlar Qərbə inteqrasiya etmək istəyirlər, artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərə imza atıblar. Vardanyan və dəstəkçiləri isə prosesi yenidən münaqişəli vəziyyətə qaytarmağa çalışırlar. Bu da Paşinyanın maraqlarına uyğun deyil, zənnimcə, Ermənistan xalqı da bunu istəmir.

Zənnimcə, Azərbaycan öz iradəsini sona qədər davam etdirsə, Xankəndidən qovulacaq. Dediyim kimi, bu, Azərbaycanın iradəsindən asılıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...