"Prezident işin başa çatmadığını görməsin deyə, asfaltla ört-basdır edirlər" - Neftçala sakini

"Prezident işin başa çatmadığını görməsin deyə, asfaltla ört-basdır edirlər" -
"Su və kanalizasiya xətti çəkilməsi üçün böyük pullar ayrılır. Yollara asfalt döşəyib, qısa müddətdən sonra asfaltı dağıdıb, kanalizasiya xətti çəkməyə başladılar. Sonra da "prezident gələcək” deyib, işləri yarımçıq saxlayıb, küçələri asfaltladılar. Prezident gəlib gedəndən sonra yenə həmin asfalt örtüyünü dağıdıb, işləri davam etdirəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bunu Meydan TV-yə Neftçala sakini Bəhruz Əliyev deyir.
2019-cu ildə Neftçalanın su və kanalizasiya sisteminin qurulması üçün büdcədən əvvəlcə 5 milyon manat, sonralar yenə müəyyən əlavə vəsaitlər ayrılıb.
2020-ci ilin 7 iyulunda Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş iclasda da Neftçaladakı durumla bağlı məmurlardan maraqlanıb.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, su əhaliyə maşınlarla çatdırılır və sair.
Prezidentə işlərin sürətləndirildiyini və tez bir zamanda layihənin başa çatdırılacağını bildirib. 2022-ci il başa çatır, ancaq Neftçalanın küçələri hələ də qazılmaqdadır.
Sakinlər deyir ki, 3 ildir yollardakı qazıntılardan cana doyublar. Bəzən eyni küçələr dəfələrlə qazılır, asfaltlanır. Bu isə həm əhaliyə narahatçılıq yaradır, həm də büdcənin xərclənməsində israfçılığa yol verilir.

"Yarımçıq qalmış işləri ört-basdır edirlər”
Bəhruz Əliyev deyir, illərlə davam edən, tikintisi bu yaxınlarda tamamlanan olimpiya kompleksinin açılışında iştirak etmək üçün Prezidentin gəlişi gözlənilir.
Rayona gələndə su və kanalizasiya sisteminin hələ də hazır olmadığını görməsin deyə, məmurlar yarımçıq qalmış işlərin üstünü asfaltla ört-basdır etmək qərarına gəliblər:
"20 yanvar küçəsi rayonun mərkəzidir. Bir müddət idi ki, orada "Azərsu” ASC-nin fəhlələri işləyirdi. İş çox ləng aparılırdı. İndisə fəhlələr yoxdur, yarımçıq qalmış işlərin üzərindən asfalt döşənir. İcra başçısı işlər bitməmiş yolu asfaltlayır ki, prezident Neftçalaya gəlib-getsin, sonra yenidən yolu söküb, işi davam etdirsinlər. Bütün bunlar məmurların yarıtmaz işinin ört-basdır edilməsi üçün düşünülüb. Görünür, yuxarı dairələrə bu işlərin çoxdan uğurla başa çatdığı deyilib”.

"Yeri bir dəfə qazıb, bir dəfə də örtərlər”
Hər səhər küçəyə çıxanda dağıdılıb asfaltlanmış yolları görən sakinləri bir sual düşündürür: Yolların, su və kanalizasiya sisteminin qurulması üçün smeta tutulur, xərclər hesablanır, pullar ayrılır və həmin pulların çərçivəsində işlər görülür. Bir yolu üç dəfə dağıdıb asfaltlamaq üçün əlavə pullar hardandır?
Bəhruz Əliyev deyir, keçmiş icra başçısının həbsindən sonra rayona başçı təyin olunmuş Mirhəsən Seyidova ümid bəsləyən əhali cana doyub:
"Bu başçının yarıtmaz fəaliyyəti keçmiş icra başçısı İsmayıl Vəliyevin ölənlərinə rəhmət oxutdurmaqdadır. Rayonun 20 Yanvar küçəsindəki sahibkarlar da cana doyub. İcra başçısı bütün obyektlərə gedən yolların qarşısına səkilər çəkdirməklə insanların obyektlərə giriş-çıxışını məhdudlaşdırıb. Ərazidə bir yanğın baş versə, yanğınsöndürən maşınlar üçün də giriş yoxdur”.
Başqa sakin İradə Babayeva deyir, yollarda tez-tez qazma, asfalt döşənmə işlərinin aparılması sakinləri bezdirib:
"Məktəbə uşaq aparıb-gətiririk, hər səhər bezirik. O küçə bitməmiş bu küçə qazılır, bir də görürsən bir neçə küçədə qazıntı gedir. Yeri bir dəfə qazarlar, xətti çəkib, bağlayarlar”.
"Azərsu” ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bu barədə müvafiq sorğuya bir cümlə ilə cavab verib:
"Neftçalada layihənin icrası davam edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...