ÜDM fərqi: bu gedişlə Kanadaya neçə ilə çatarıq?

ÜDM fərqi: bu gedişlə Kanadaya neçə ilə çatarıq?
Azərbaycanda hazırda qarışıq iqtisadiyyatın (mixed economy) elementləri mövcuddur. Əslində isə iqtisadiyyatımıza dövlət rəsmilərinin idarə etdiyi iqtisadiyyat (command economy) xarakterikdir. Azad bazar iqtisadiyyatına keçidi təmin etmədikcə, ciddi iqtisadi uğurlardan və buna bağlı olan yüksək sosial rifahdan danışmaq mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.

O bildirib ki, 2023-cü ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi adambaşına 5000 ABŞ dollarına çatmayacaq:

“Müqayisə üçün deyim ki, bu, məsələn, Kanadada 57 000 ABŞ dollarından artıq olacaq. 2023-cü il üçün proqnozlaşdırılan illik 5%-lik iqtisadi artımla görün bizə neçə onillər lazımdır ki, iqtisadiyyatımızın həcmini heç olmasa iki dəfə artıra bilək.

İqtisadi sıçrayış üçün ilk növbədə siyasi iradə lazımdır. Ardınca texnokratlardan təşkil olunmuş Nazirlər Kabinetindən imtina olunmalıdır. Texnokratlardan (yəni rəhbərlik etdiyi sahə üzrə müəyyən biliklərə malik olan şəxslər) ibarət hökumətlər heç vaxt və heç bir ölkədə ciddi uğurlara nail olmayıb. Siyasətçilərdən fərqli olaraq, texnokratlar risk etməkdən və məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinirlər. Onlarda təşəbbüskarlıq çatışmır. Siyasətçilər isə risk etməyi, məsuliyyəti öz üzərlərinə götürməyi bacaran, uduzmağa da hazır olan insanlardır. Ona görə siyasi proseslərə qoşulmamış, belə xarakterə malik olmayan insanların yüksək siyasi vəzifələrə təyin olunması özünü doğrultmur. Onlar yaxşı icraçı ola bilərlər”.

Millət vəkilinin fikrincə, Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmadıqca, yəni dövlət mülkiyyətində olan xidmət sahələri, istehsal və emal müəssiələri özəlləşdirilmədikcə və investisiya cəlbi üçün qanunun aliliyini yüksək səviyyədə təmin edəcək güclü məhkəmə hakimiyyəti yaradılmadıqca, iqtisadi və sosial sahədə, elm və təhsildə və digər sahələrdə böyük uğular olmayacaq:

“Neftin qiyməti qalxsa, hansısa layihələr həyata keçiriləcək, neftin qiyməti düşsə, 2015-ci ildəki kimi, növbəti devalvasiyalar (manatın ucuzlaşması) baş verəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...