“Ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verirsə...” - Həkim
Qida toksikoinfeksiyalarının klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövürdən sonra özünü biruzə verir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Vüqar Cavadzadə özünün müsahibəsində deyib.
Onun sözlərinə görə, ilkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir:
“Bəzi hallarda bir neçə dəfə ishalda müşahidə edilir. Xəstələrdə qızdırma dərhal yüksəlsə də, qısa müddətdən sonra normaya enir. Bəzən qusma öyümə ilə müşahidə olunaraq, inadlı xarakter daşıyır. Adətən qusuntunun tərkibində həzm olunmamış qida qalıqları olur. Qusuntu kütləsi pis iyli olur. Əksər xəstələrdə intoksikasiya simptomları müşahidə edilir. Belə ki, xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təziq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir.
Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyyədə ağrılar olur. Əksər hallarda qida toksikoinfeksiyaları yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur. Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir.
Ağır xəstələrdə su-duz mübadiləsinin pozulması nəticəsində əzələlərdə qıcolmalar baş verir. Ümumiyyətlə, qida toksikoinfeksiyaları sağalma ilə qurtarır”.
Həkim qida toksikoinfeksiyası zamanı baş verə biləcək ağırlaşmalardan da danışıb:
“Ağır hallarda xəstələrdə dehidratasion şok kimi ağırlaşmalar müşahidə edilir. Bəzi xəstələrdə ikincili infeksiyaların qoşulması nəticəsində bakterial ağırlaşmalar da baş verə bilir”.
1642 dəfə oxundu