Yolda qalmaq istəmirsizsə, saat 15:00-dan sonra… – XƏBƏRDARLIQ
Bu gün saat 17:00-dan etibarən Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqaməti dəyişdiriləcək.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. V.Əsədov deyib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə mərkəzə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, istiqamətləri dəyişdiriləcək.
V.Əsədov bildirib ki,”Azneft” meydanı, Neftçilər prospekti, Y.Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək: “Qismən və fasilələrlə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar yol istiqamətində, 20 Yanvar dairəsi adlanan ərazidə də hərəkət istiqaməti dəyişdiriləcək. Hava limanı istiqamətinə, Bakının kənd və qəsəbələrə hərəkət edənlər isə bu gün Bakı- Hövsan, Balaxanı-Zabrat- Maştağa istiqaməti üzrə hərəkət edə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gəncllik”, “Qara Qarayev” stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq.
Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Metronun “Qara Qaryev” stansiyasından X1, “Gənclik” stansiyasından X2 və “20 Yanvar” stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq. Biz paytaxt sürücülərinə İslamiadanın açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması, eləcə də istiqamətinin dəyişdirilməsini nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməmələrini tövsiyyə edirik”. (mövqe.az)
1049 dəfə oxundu