“Gecə kombaynın üstündə ürəyimi açdım, sonra da yanağından öpdüm...” – TANINMIŞ JURNALİSTİN ETİRAFLARI
“Məni tutub apardılar uşaq milisinə ki, rəhbərin şəklini yerə çəkmisən”
“Kəndimizin bir başında ibtidai məktəb vardı. 4-cü sinfə qədər. Əvvəllər məscid olub, sovet dövründə məktəb ediblər. Evimizin yaxınlığında “təpə tərəf” deyilən ərazidə tam orta məktəb vardı. 4-cü sinfə qədər “aşağı” məktəbdə oxumuşam, 4-dən sonra “yuxarı” məktəbdə”.
Gundeminfo.az yazır ki, Lent.az-ın “Məktəb illəri” layihəsinin budəfəki qonağı Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğludur. O, məktəb illəri xatirəsini Lent.az oxucuları ilə paylaşır.
- Məktəbə 1974-cü ildə getmişəm. Səhv eləmirəmsə, ailədən kimsə mənimlə getməmişdi. Özüm tək getmişdim. İlk dərs günü sinif yoldaşlarımla dalaşmışam. Birinin adı yadımdadır: Ceyhun. Nədənsə sözümüz çəp gəldi, dalaşdıq. Sonra 10 il bir yerdə oxuduq. Tale elə gətirdi ki, Ceyhunla 2 il sovet ordusunda da xidmət elədik. İndi də ailəvi dostuq. Sinif müəllimimiz Şükufə müəllimə idi. “Müəllim” deyəndə Şükufə müəllim ağlıma gəlir. Yaddaşımda çox mədəni, nəzakətli, savadlı, mehriban bir insan kimi qalıb. Onu çox istəmişəm. Yaddaşımda onun həmişə tabaşirli əli qalıb. Ümumiyyətlə, toza qarşı allergiyam olub, amma Şükufə müəllimə bunu bildirmirdim. Tabaşir, taxta yonqarı qoxusu mənim üçün müqəddəsdir. Atam dülgər idi. Hər axşam evə özü ilə bərabər taxta qoxusu da gətirirdi. Corabları, üstü başı çox vaxt taxta yonqarı olurdu. Əslində kəndimizin, Qarabağın təbiətinin öz gözəl qoxusu vardı, onların içində
Bu iki qoxu da indiyə qədər burnumdadır...
Şükufə müəllim və digərləri haqda bir yazı yazmaq istəmişəm, hələ qismət olmayıb. İnşallah, təki salamatlıq olsun, yazacam. Leyla müəllim (Əməkdar müəllimdir), rəhmətlik Müzəyyəm müəllim, Zəhra müəllim, Xalidə müəllim və digərləri haqqında düşüncələrimi yazmaq istəyirəm. 4-cü sinifdən sonra dil-ədəbiyyat müəllimim və sinif rəhbərimiz Nağdıxan müəllim olub. 8-ci sinfə qədər dərs deyib bizə. Maraqlı adam idi. Allah rəhmət eləsin! Nağdıxan müəllim bizə payız mövzusunda imla yazdıranda yarpaq, torpaq deməzdi, “yapraq”, “topraq” deyərdi: “Payız gəldi. Ağaclar yapraqlarını tökdülər...” Bizi nar çubuğu ilə döyərdi. Əsas da Rəsulu, məni, Elşəni, Sadayı... Özü də çubuğunu özümüzə düzəltdirirdi. Rabil, Qorxmaz, Camalla bir, Məhərrəmlə, Mübarizlə isə başqa siniflərdə oxumuşuq.
Rəsula deyirdi, “get mənə barmaq yoğunluğunda bir nar çubuğu kəs və yon gətir”. O da gedirdi, qəşəng nar çubuğu yonub gətirdi. Elə birinci Rəsulun özünü döyürdü (gülür).
Deyir, 8-ci sinfə qədər əlaçı oxuyub.
- Səkkizinci sinif uşaqların həssas dövrü olur. Qoşuldum oxumayan uşaqlara, yavaş-yavaş təhsildən uzaqlaşdım. Tarix, coğrafiyanı çox sevirdim. Coğrafiya müəllimimiz Məhəmməd müəllim idi. Qarabağda məşhur olan Seyid Lazım ağanın oğlu idi. Ağdamda sınanmış seyidlərdən idilər. Qafar müəllim tarix dərsi deyirdi. Yaxşı rəsm çəkə bilirdim. O vaxt əyani vəsait azıydı. Dünya xəritəsini çəkmişdim. Müəllim dərs deyəndə çəkdiyim xəritədən istifadə edirdi. Divar qəzetimiz vardı, dəqiq xatırlamıram, “Şimşək” idi, ya “Şəfəq”. Bəzək-düzəyini mən çəkirdim, içini əlaçılar Təranə Behbudova, Yasəmən Əzimova, Leyla və digərləri doldururdu. Riyaziyyatdan xoşum gəlmirdi. Müəllimlərimi incitmişəm. Onlar da məni döyürdülər. Kimyadan cəmi bircə şey bilirəm: H2O. Suyun formulu.
Məktəb illərindəki ən yaxın dostlarını xatırlayır.
- Saday, Qorxmaz, Mübariz, Silyan, Elxan, Ceyhun,... Ümumiyyətlə, uşaqlıqda düşmənçilik etdiyim kimsə olmayıb, hamıyla yaxşı münasibətdə olmuşam. Hamısının evinə gedib-gələrdim, anaları qabağıma çay qoyardı. Elxanın toyunda sağdışı mən idim. Sadayın da. Siz xatırlamazsınız, 1 mayın səhəri gün yeyib-içmək bayramı olardı. Adətən, oğlanlı-qızlı Fikrət əminin oğlu Mübarizgilə yığışardıq. Allah ona rəhmət eləsin! Mübariz Qarabağ döyüşlərində şəhid oldu (kədərlənir).
Məktəb illərindən ən yadda qalan xatirəsini danışır.
- Məktəbimiz tarixi binada yerləşirdi. Qarabağın son bəylərindən olan Xosrov bəyin evi olmuşdu. İkimərtəbəli. Qəşəng bağı vardı. Həyətində ağ armud var idi – ağ mələçə deyirdilər. Bal kimiydi. İyun ayında yetişirdi. Armudu dişləyirdin, şirəsi axırdı. Məktəbin direktoru Hüseyn müəllim həmin sahədə kartof, pomidor əkdirərdi bizə. Mən “B” qrupunda oxuyurdum. “A” qrupundakı uşaqlar zəif oxuyurdular. Qohumlarım orda oxuyurdu. Hələ ibtidai sinifdə oxuyurduq. Bir gün sinif rəhbərləri – Tamella müəllimə onların zəiflərini yığıb gətirdi bizim sinfə ki, tüpürün bunların üzünə! Biz də dedik, elə şey olar?!
- Dərsdən qaçmısınız?
- O qədər! Uşaqlarla sözü bir yerə qoyub, qaçırdıq. Müəllimlər valideynimə şikayət edirdi. Evin sonbeşiyi idim deyə xətrimə dəymirdilər. Bir az ərköyün idim də... Atamdan yaman qorxurdum. Bir dəfə kəmərlə yüngülvari vurdu məni. Səkkizdən sonra elə də oxumadım axı. Məktəbin radio qovşağı vardı. Biz orda şeir deyirdik, radio tamaşa qururduq. Orda həm də əlaçıların qiymətləri də oxunurdu. Bir də pislərin. Mənim də qiymətlərim səkkizə qədər əla olub. Oxumayan vaxtlar bir dəfə müəllimlərimdən birini necə acıqlandırdımsa, mənə iki verdi. Bunu da radioda oxudular: “İki!” Doqquzda oxuyurdum. Getdim radio qovşağını daşa basdım. Sonra da əmim oğlu Amillə dama dırmaşıb, naqilini qırdıq. Bir müddət radiomuz susdu. Sonra düzəltdilər. Müəllimim qəsddən etdirmişdi ki, utanıb yaxşı oxuyum. Mənim arzum hərbçi olmaq idi. Rus dilini yaşı bilirdim. 6-cı sinifdən 9-cu sinfə qədər rus dilindən məktəbdən əlavə hazırlaşmışam. Bir gün bir elan tapdım: “Kiyevdə Ali Hərbi Məktəbə qəbul var”. Doqquzuncu sinifdə oxuyanda kənddən 5 nəfər gəldik Bakıya, rus dilində imtahan verib beşimiz də qəbul olduq. Məni böyük qardaşım qoymadı, amma o biri uşaqlar Kiyevə oxumağa getdilər. Lakin sonra onlar da geri qayıtdılar, oxumadılar. Mən isə oxumaq istəyirdim...qoymadılar!
İlk məhəbbəti məktəb illərində olub.
- Dördüncü sinfə qədər Bakıdan kəndimizə qonşuya qonaq gəlmiş qızı sonralar sevdim. Adının baş hərfini əlimin üstünə yazmışdım. Bütün yayı bir yerdə oynayırdıq. Çayda çimməyə bir gedirdik, “Qara təpə”də oynayırdıq. Mal, qoyun otarırdıq, meyvə oğurluğuna gedirdik...Hər yay onun yolunu səbirsizliklə gözləyirdim. Adətən, onun gəlişini, dostum Saday gilas ağacının başına çıxıb “parolla” xəbər verərdi. Saday da qonşu Muğanlı kəndinə gələn “M” adlı bir qızı sevirdi. Onlar təxminən eyni vaxtda gəlib, eyni vaxtda da gedirdilər kəndə. Saday uzaqdan görəndə ki, onlardan hansısa gəlir, dərhal gilasa çıxıb (bir birimizə “dayı” deyərdik) oradan qışqırırdı: “ay dayı, Ş. B. G!” Yəni Ş. Bakıdan gəldi. Və yaxud, “ay dayı, M. B. G!”...Yəni “M” Bakıdan gəldi... 1982-ci il avqustun 28-i gecəsi idi. Həmin gecənin səhəri o, Bakıya qayıdırdı. Gilas ağacının altında qoyulmuş köhnə kombaynın dəmirinin üstündə oturmuşduq. Aylı bir gecə idi. Cırcıramaların səsi isə gecəni başına götürmüşdü, vallah. Nəhayət, ona ürəyimi açdım! Və ehmallıca yanağından öpdüm... Heç nə demədi, ayaqları ilə kombaynın dəmirini döyəcləməyə başladı, sonra qəfil durub evlərinə qaçdı. Mən əsgərlikdə olanda anam onun qohumlarına deyib ki, onu oğluma almayacam! Məsələ bununla da bitdi! Mən qayıdana qədər onu nişanlamışdılar...
Başqa sevgi macəralarım da olub, amma bəsdi...
Son zəng
- Son zəngdə ən yaxşı şagird sonuncu dəfə məktəbin ümumi zəngini çalmalı idi. Direktorumuz, rəhmətlik Hüseyn müəllim onuncu sinfi bitirənlərdən ən yaxşı oxuyan şagirdlərdən birinə dedi ki, gedib zəngi vursun. O da o qədər, sakit, o qədər abırlı və utancaq oğlan idi ki, heç zəngin yerin bilmirdi, deyəsən. Çünki ora bura baxırdı. Qəflətən bizim o pis oxuyanlardan biri - Elşən yüyürüb zəngi basdı. Əlaçılardan əvvəl pis oxuyanlar vurdu zəngi. Elşən, dalınca mən, Saday və digərləri zəngi basdıq... Hüseyn müəllim əsəbiləşib, bizi qovdu (gülür). Xatirələrimin çoxu Ağdamda qaldı.
Nə bilim, indi yadıma sala bilmirəm, o qədər xatirələrim var ki... Doqquzuncu sinifdə oxuyanda məndən bir sinif aşağı oxuyan bir qıza vuruldum. Məktub yazdım, bir qız sinif yoldaşım aparıb qoydu çantasına, o da oxumadan cırıb, özümə qaytardı, sonra birini də yazdım. Yenə elə oldu. Üçüncünü isə mən baxa-baxa, nümayişkaranə şəkildə cırdı, amma onu qaytarmadı, deyəsən, sonra yapışdırıb oxumuşdu. Eləcə uzaqdan baxışırdıq məktəbdə. Bir dəfə rayon mərkəzində rastlaşdıq. İstədim ürəyimi açım, amma deyə bilmədim... Birlikdə bir müddət addımladıq, mən də susdum, o da. Sonra avtobus dayanacağına qədər gəlib, ayrıldıq.
Bizim məktəbin çox savadlı və maraqlı müəllimləri vardı. Ədəbiyyat müəllimlərimiz Müzəyyəm müəllim, Raquf müəllim, Nəzakət müəllim tez-tez yeni çap olunmuş hansısa bir bədii əsəri müzakirə edirdilər. Tolstoyun, Dostoyevskinin, Lermontovun, Cek Londonun, Balzakın və digərlərinin əsərlərini öz aralarında müzakirə edirdilər.
***
Dəqiq xatırlamıram, ya 1978-ci il idi, ya da 79-cu il. SSRİ-də uşaq ili idi. Bizi apardılar Ağdama rayon mərkəzinə. Sonralar “Azadlıq” meydanı olan, “Lenin meydanı”nda rəngli tabaşirlərlə asfaltın üzərinə rəsmlər çəkirdik. Uşaq idik də, hərə bir şey çəkirdi. Mən də Leninin şəkilini çəkdim. Məni buna peşman elədilər. Dedilər Lenin yoldaşın şəklini niyə yerə çəkirsən?! Olmaz, filan. O zaman atamı da çağırıb sorğu-sual etmişdilər. Atam müharibə veteranı olduğundan ona çox irad bildirə bilmədilər. Amma uşaq milisi məni xeyli “başa saldı”... Orta məktəbdə oxuyanda iki dəfə milisə düşdüm.
***
1980-ci ildə Şuşada – Zarıslıda Pioner düşərgəsində olmuşam. Yaddaşıma xoş xatirələr kimi yazıldı o günlər. Gözəl günlər idi. Hər axşam pioner tonqalı qalanırdı. Ətrafında rəqs edir, mahnı oxuyurduq. Zarıslı meşəsində o qədər çiyələk, moruq yığmışıq ki...
1434 dəfə oxundu