TƏKLİF var ki, sulu qəlyan da qadağan edilsin
Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir.
Trend-in məlumatına görə, bunu “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.
“Qəlyan insanın səhhəti üçün çox zərərllidir. İstifadə zamanı onun müştüyü və borusu dəyişməlidir. Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və bununla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir”.
A.Əlizadə hesab edir ki, qəlyanın qadağan edilməsi turistlərin ölkəyə olan marağının azalmasına səbəb ola bilməz.
Deputat təklif edir ki, uşaqlara siqaret satanların cərimələnməsi üçün qanunvericiliyə dəyişikliklər edilməli və onlara qarşı tədbirlər görülməlidir.
Qeyd edək ki, hazırda müzakirə mərhələsində olan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə görə, sulu qəlyan və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.
968 dəfə oxundu