Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır?

Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır?
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi ”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyini davam etdirir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında hazırlanan bu məqalədə qeyd edilən faktların aidiyyıti orqanlar tərəfindən təxirəsalınmaz araşdırlamsı zəruriyyəti yaranmışdır. Redaksiya olaraq bu istiqamətdə apardığımız araşdırmanı saytımız vasitəsilə də təkrar ictimailəşdiririk.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi daimi işbirliyində olduğu bir MMC var. “SAFFİRA PLUS” adlanır. Dövlət Verği Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin MMC ilə bağlı sorğu məktubuna aldığımız cavabda deyilir:

“”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məlumatların təqdim edilməsi barədə sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunmuşdur. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunmuşdur. Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFİRA PLUS” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Dövlət reyestrində cəmiyyətin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etməməsi, müflis elan olunması, təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə heç bir məlumat aşkar edilməmişdir.

Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.”

5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər.

Amma Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi cəmi iki nəfər işçisi olan “SAFFİRA PLUS” MMC ilə son bir ildə 8 satınalma müqaviləsi bağlanılıb. İkisi 2023-cü ildə, altısı sə 2024-cü ildə.

“Yaşıllıqların salınması işləri”nin satın alınması üzrə “Saffira Plus” MMC ilə 290.870 manat məbləğində satınalma müqaviləsi 13.12.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.994 manat məbləğində satınalma müqaviləsi 18.11.2024-cü ildə bağlanılıb.

yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 289.690 manat məbləğində satınalma müqaviləsi 21.10.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 294.292 manat məbləğində satınalma müqaviləsi 22.08.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 293.230 manat məbləğində satınalma müqaviləsi 13.08.2024-cü ildə bağlanılıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 283.672 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 09.10.2023-cü il, bitmə tarixi 28.02.2024-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 18.07.2024-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 13.06.2023-cü il, bitmə tarixi 31.08.2023-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 14.12.2023-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.050 manat məbləğində satınalma müqaviləsi 14.12.2023-cü ildə bağlanılıb.

Qeyd edək ki, cəmi iki nəfər işçisi olan “Saffira Plus” MMC ilə son 4 ayda ümumi dəyəri 1 744 748 manat olan altı satınalma müqaviləsi bağlayıb. Ötən il isə onların arasında bağlanan müqavilənin dəyəri 571 710 manat olub. Bu isə ötən ilin dekabrından cari ilin dekabr ayına qədər MMC ilə 2 316 458 manat dəyəri olan 8 satınalma müqaviləsinin bağlanıması deməkdir. Maraqlıdır, cəmi iki nəfər işçisi olan MMC bu sifarişləri necə yerinə yetirir.

Burada tenderlərin keçirilməsində pərdəarxası, görünməyən məqamlar var. Belə ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi “Saffira Plus” MMC ilə satınalma müqaviləsi bağlayıb sifarişlərin yerinə yetirilməsi üçün vəsaitləri köçürür. İşləri isə ya Yaşıllaşdırma İdarəsinin işçiləri görür, ya da “Saffira Plus” MMC işi başqa bir subpodratçı şirkətə verir. Ortada isə hər iki halda da dövlətin milyonları talanır.

Daha əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, bu satınalmalarda Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə ümumiyyətlə məhəl qoymur. Burada hər il eyni qanunsuzluqlar təkrar olunur. Həm də açıq-aşkar. Media orqanlarında, sosial şəbəkələrdə bu kimi hallarla bağlı çoxsaylı yazılanlara baxmayaraq.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi isə Hüseyn Həsənovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğludur.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinə yaşıllıqların salınması işlərini görən “Saffira Plus” MMC Neftçala rayon İcra Hakimiyyəti ilə bir sıra malların satınalınması üzrə 61.820 manat, Neftçala rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər İnzibati Ərazi Nümayəndəliyinə isə mal- materialların satınalınması üzrə 55.219,87 manat məbləğində satınalma müqavilələri bağlayıb. Bu barədə növbəti yazımızda.

Aktualinfo.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...