Hərbi hissə tender keçirib – Qalib şirkət elandan 2 gün sonra yaranıb

Hərbi hissə tender keçirib –
193 nömrəli hərbi hissə tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Pearl Light Suplier” MMC (VÖEN – 2007727161) olub.

Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatda 193 nömrəli hərbi hissənin bu MMC-dən avtomobillərin təmiri üçün ehtiyat hissələri satın alacağı göstərilib.
Satın alınacaq ehtiyat hissələri üçün hərbi hissə “Pearl Light Suplier” MMC-yə 44 min 955 manat ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, 193 nömrəli hərbi hissə tender elanını 22.11.2022-ci il tarixində açıqlayıb. Tender elanı açıqlanan zaman “Pearl Light Suplier” MMC mövcud olmayıb. MMC elandan 2 gün sonra – 24.11.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Tender müsabiqəsindəki maraqlı məqam isə tələb olunan sənədlər arasında şirkətin analoji sahələr üzrə fəaliyyətinin olmasını təsdiq edən sənədin olmasıdır. Tender elanında qeyd olunur ki, qiymətləndirmə üçün malgöndərən tərəfindən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı sənədlərin formalarına uyğun “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda (e-tender.gov.az) yerləşdirilməlidir.
Hərbi hissə tender keçirib –

Tender elanından sonra yaranan bir şirkətin analoji sahədə hansı təcrübəsinin olacağı və bu barədə tender komissiyasına hansı sənədləri təqdim etdiyi maraqlıdır.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində də malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Qeyd edək ki, “Pearl Light Suplier” MMC cəmi 2 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xətai rayonu, Polad Həşimov, ev 94/B, Döngə 2”-də yerləşən şirkətin qanuni təmsilçisi Yusibova Lütviyyə Şöyüb qızıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...