“Atam yoxa çıxanda cibində 9 min manatdan çox pul vardı”
“Mən atamla birlikdə işləyirdim. Atam səhər saat 8 radələrində evdən çıxıb, bazara getdi. Evdəki işləri görüb, saat 10-da onun ardınca getdim, atamı axtardım tapmadım”.
Bunu APA-nın Qarabağ bürosuna oktyabrın 17-də Ağcabədidəki “Kolxoz bazarı” adlanan yerdə yoxa çıxan Valeh İsmayılovun oğlu Elmin İsmayılov deyib:
“Zəng vurdum telefonu bağlı oldu. Həmin vaxt cibində 9000 manatdan çox pul vardı. Tanıyanlardan soruşdum, “gördüm” deyən olmadı. Ondan sonra Ağcabədi rayon Polis Şöbəsinə məlumat verdim”.
2015-ci il mayın 27-də eyni yerdən itkin düşən 40 yaşlı Vüqar Hümbətovun 13 yaşlı qızı Telli Hümbətova isə deyib ki, atası sonuncu dəfə övladlarını məktəbə aparandan sonra “Kolxoz bazarı”na gedib və elə oradan da yoxa çıxıb. Onun dayısı Kamil Məmmədov isə xarici valyutanın alqı-satqısı ilə məşğul olan Vüqarın itkin düşdüyü gün cibində 5000 manatadək pul olduğunu açıqlayıb. Onun sözlərinə görə, beş aydır itkin düşən Vüqar Hümbətovun ailəsinə hələ də bir xəbər verilməyib. Yalnız itkin düşdüyü vaxtdan bir ay sonra onun cib telefonuna zəng çatdığı, daha sonra isə yenidən söndürülüb.
Ağcabədi rayon polis Şöbəsindən APA-nın Qarabağ müxbirinə bildirilib ki, itkin düşən şəxslərlə bağlı istintaq davam etdiyi üçün açıqlama verilmir, axtarışlar davam etdirilir.
Qeyd edək ki, Ağcabədi rayonunda valyuta alqı-satqısı ilə məşğul olan üç nəfərin itkin düşdüyü açıqlanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədidəki “Kolxoz bazarı”nda valyuta dəyişmə ilə məşğul olan, rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də itkin düşüb.
Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan, rayon sakini İsmayılov Valeh Qanboy oğlunun itkin düşməsi barədə ailəsi polisə məlumat verib. 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də səhər saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan digər şəxs, 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşdüyü bildirilib. O, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatdadır.
1202 dəfə oxundu