Səfər Əbiyevin müavininin məhkəməsində 200 manat söhbəti

Səfər Əbiyevin müavininin məhkəməsində 200 manat söhbəti


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Bugünkü prosesdə Müdafiə Nazirliyinin nümayəndəsi iştirak etmədi. Məhkəmə prosesinə şahidlərdən yalnız Ağamirzə Məmmədov və Kənan Rəsulov gəlmişdi. Şahid Kənan Rəsulov Mehman Səlimovu tanımadığını bildirdi. Şahidin sözlərinə görə, o, plastik boruların alqı-satqısı ilə məşğul olan şirkətdə baş mühasib işləyib. K.Rəsulov istintaqa verdiyi ifadəsini təsdiq etdi. Digər şahid Ağamirzə Məmmədov da Mehman Səlimovu tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını bildirdi. Şahidə sərbəst ifadə vermək təklif olunsa da o, ifadə verə bilmədi. A.Məmmədov təklifə cavab olaraq bildirdi ki, kimə nə qədər mal satılıb, kimə nə qədər ödənilibsə, bu barədə məlumatı yoxdur: “Mən ancaq sənədlərə qol çəkmişəm. Bunun əvəzində də Tərlan Yusifov mənə bir neçə dəfə 200 manat pul verib. Tərlan Yusifovu isə dayımın vasitəsilə tanımışam”.

Qeyd edək ki, şahid A.Məmmədov “Legenda Co” MMC-nin direktoru olub. Firma onun adına təsis olunsa da şahid sadəcə olaraq sənədlərə qol çəkdiyini, işlərin gedişatından xəbərsiz olduğunu vurğuladı. Hakim isə bildirdi ki, adıçəkilən şirkətin pul köçürmələrinin hamısında Ağamirzə Məmmədovun imzası olub. Məhkəmədə adı istintaqda çəkilən və məhkəməyə gəlməyən digər şahidlərlə bağlı isə prosesə məcburi gətirilmə qərarı qəbul edildi. Onların dindirilməsi labüd hesab olundu və bildirildi ki, növbəti prosesə gəlməsələr, barələrində cinayət işi açılacaq. Bununla da məhkəmə prosesi oktyabrın 23-ü saat 11:00-a təxirə salındı.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb.

Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib. Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...