Türmədəki qardaşını həbsdən çıxarmaq adı ilə 174 min manatını “yedi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan qardaşına qarşı dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Fəxrəddin Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə tqəsirləndirilən F.Dadaşov ifadə verib. O, ifadəsində qardaşına qarşı dələduzluq etmədiyini göstərib: “Mən heç vaxt qardaşıma qarşı dələduzluq etməmişəm. O vaxt qardaşım Firudin tutulanda onu “içəri” getməyə qoymadım. Əgər elə bir şey eləsəm, deyərəm ki, eləmişəm. Hər həftə onun yanına gedib 2 min manat pul vermişəm ki, həbsxanada rahat otursun”.
Zərərçəkmiş Firudin Dadaşov qardaşını yalan danışmaqda ittiham edib. Təqsirləndirilən şəxs isə qardaşını narkotik satmaqla camaatın uşaqlarını zəhərləməkdə ittiham edib. Prosesdə fasilə olunub. Fasilədən sonra söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən Fəxrəddin Dadaşovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib.
İttiham aktına görə, Fəxrəddin Dadaşov həbsdə yatan qardaşı Firudin Dadaşovun 174 min manat pulunu mənimsəyərək ona qarşı dələduluzluq etməkdə təqsirli bilinir. Belə ki, Dadaşovlar ailəsi Tural adlı şəxslə tanış olub. Tural Firudinin həbsxanadan azad olunması üçün onlardan 174 min manat pul alıb. Tural söz verdiyi əməli reallaşdıra bilməyib. Dadaşovlar ailəsi onu məhkəməyə verib. Tural həmin məbləği natorial qaydada Fəxrəddin Dadaşova qaytarıb. Bundan sonra Fəxrədin Dadaşov həmin pulla qardaşını həbsxanadan çıxaracağı bildirsə də pulu mənimsəyib. 7 ildən artıq bir müddətdə o puldan az miqdarda həbsxanadakı qardaşına verib.
Pulun sahibi Firudin Dadaşov isə qardaşı tərəfindən aldadıldığını iddia edərək şikayət verib. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Fəxrəddin Dadaşov saxlanılıb. Fəxrəddin Dadaşov isə ona qarşı verilən ittihamları əsassız sayaraq dələduzluq etmədiyini bildirib. Onu da qeyd edək ki, bu prosesdə zərərçəkən Firudin Dadaşov 2008-ci ildə MTN-in əməliyyat-axtarış şöbəsinin əməkdaşları 67 kq narkotik maddə ilə saxlanılmışdı. Ağır Cinayətlərin məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1088 dəfə oxundu