Ölkənin ən böyük ov-qoruq təsərrüfatı təhlükədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mahmudçala ovçuluq təsərrüfatının 10 min 500 hektarlıq ərazisinin suyu quruduğundan bura köçəri quşların miqrasiya etməsi təhlükə altına düşüb. Bu barədə virtualaz.org saytının Şirvan bürosuna ETSN-in 3 saylı ərazi idarəsindən bildirilib. İdarədən verilən məlumata görə, son aylar havaların görünməmiş dərəcədə quraqlıq keçməsi Mahmudçalada su balansının pozulmasına səbəb olub. Quraqlıq həm də Mahmudçalanı qidalandıran Balharıçayın quruması ilə nəticələnib ki, bu da əsas səbəblərdəndir.
Bundan başqa Cəlilabad və Biləsuvardakı şor kanallardan gələn axıntı sularının miqdarı da tamamilə azalıb. Bütün bunlara baxmayaraq nazirlik tərəfindən ovçuluq təsərrüfatındakı nəhəng çalanın su ilə qidalanması üçün tədbirlər görülür. Belə ki, hazırda Balharıçaydan gələn su axının miqdarı tənzimlənərək maksimum həddə çatdırılıb. Eyni zamanda Salyan rayonun Boranıkənd kəndinin ərazisindən keçərək Xəzərə tökülən şor kanaldan Mahmudçalaya su axıdılması barədə icazə alınması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə müraciət olunub.
Görülən tədbirlər nəticəsində problemin yaxın 10 gün ərzində həll olunaraq Mahmudçalanın su balansının tənzimlənməsi nəzərdə tutulub. Bundan başqa, proqnoza görə, payızın və yağmurlu havaların başlaması ilə Mahmudçalanın qurumasının qarşısını almaq mümkün olacaq. Xatırladaq ki, Mahmudçala respublikamızın ən böyük ovçuluq təsərrüfatlarından biridir. Su sahəsi yalnız Biləsuvar rayonunu əhatə etsə də quruda Masallı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarını əhatə edir.
1179 dəfə oxundu