Bakıda qətl törədən şəxslər Azərbaycandan qaçmaq istəyərkən tutulublar
Bakıda “Lion” kafesində qətl törədən şəxslər ölkədən qaçmaq istəyərkən həbs ediliblər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən iki və onlara vasitəçilik edən bir Azərbaycan vətəndaşı saxlanılıb.
Müəyyən olunub ki, Əliyev Rövşən Natiq oğlu sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçan, əvvəllər məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik edib. Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılıblar.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, məlum hadisə sentyabrın 19-da Xətai rayonu, Nobel prospekti, 110 ünvanında qeydə alınıb. Ağayev Elməddin Xanhüseyn oğlu və onun qardaşı Ağayev Niyaməddin idarə etdikləri “BMW” və “KİA” markalı avtomobillərlə Nobel prospekti ilə hərəkətdə olduqları zaman hələlik naməlum avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu ilə mübahisələri yaranıb. Mübahisə zamanı Elməddin Ağayev bıçaqla E.Qarayevə xəsarət yetirib və o, hadisə yerində ölüb. Hər iki qardaş hadisəni görən motosikl sürücüsünü izləyib və onu beysbol ağacları ilə döyüblər. Hər iki şəxs hadisə yerindən qaçıb.
Xatırladaq ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.
1201 dəfə oxundu