43 sahibkar barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib
Azərbaycanın Vergilər Nazirliyi böyük məbləğdə vergi borcunu ödəməyən vergi ödəyicilərinə qarşı sərt tədbirlər görür.
Vergilər Nazirliyinin Analitik informasiya mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 mln. manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 mln. manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1 394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb.
Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 mln. manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 mln. manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib. Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 mln. manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində məlumatlandırmaqdır.
1212 dəfə oxundu