İcra başçısının qardaşı Ucarı “söküb-talayır”

İcra başçısının qardaşı Ucarı “söküb-talayır”

Rayon sakinləri Müşfiq Məmmədovdan şikayətçidir

Ucar rayonunun bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun fəaliyyətindən narazıdır:

“Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış, korrupsiya əməllərinə görə dövlətə külli miqdarda ziyan dəyməkdə davam edir.

Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədov, hətta o qədər arxayındır ki, həftədə bir dəfə işə gəlib, yığılan pulları götürüb evinə, Bakı şəhərinə qayıdır.

Bu vəzifəyə təyin olunana qədər Bakı şəhərində mağaza işlədən Müşfiq Məmmədov, icra başçısı olan qardaşının sayəsində Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

İdarəyə məxsus bütün texnikalar şəxsi işlərə cəlb edilib, gündəlik qazancın 90 faizi müdirə ödənilir. Dövlət tərəfindən ayrılmış yanacaq isə satılaraq, pulu mənimsənilir. Hətta illərlə sürülməyən, nasaz vəziyyətdə idarənin həyətində yatıb qalmış texnikalara yanacaq fakturası yazılır. Rayon ərazisində suvarma kanallarını kol-kos basıb, qamış və lil olsa da, təmizlənməsinə dair qanunsuz sənədləşmə aparıb dövlətin vəsaitini talan edirlər.

Adı işdə, özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, hər ay müdir Müşfiq Məmmədova haqq verirlər. Hətta staj xatirinə adı işdə, maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilər də çoxdur.

Rayon ərazisində su qıtlığı yaşansa da, hektarı üçün Müşfiq Məmmədova 2000 manat ödəməklə, yüzlərlə hektar çəltik sahələri əkilmişdir.

İdarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorları, boru kəmərləri və bəndlərin istismarını keyfiyyətsiz həyata keçirir. Müşfiq Məmmədovun yarıtmaz idarəçiliyinə görə, rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir. Nəticədə isə torpaqların məhsuldarlığı olmur, şoranlaşma daha da artır.

Su nasoslarının təmiri üçün 1 və ya 2 min manat xərcləndiyi halda, sənədlərdə həmin məbləğ 20-30 min manat göstərilir. Həmçinin, idarəyə məxsus texnikaların təmirini sürücülər öz vəsaitləri hesabına etsələr də, Müşfiq Məmmədov buna dair sənədləşmə aparıb, həmin məbləği öz şəxsi hesabına keçirir. Nəticədə də talançılığı gündəlik iş üslubu etmiş Müşfiq Məmmədov çox sayda daşınmaz əmlaka və bahalı avtomobillərə sahiblənmişdir. Təkcə Bakı şəhərində 12 yerdə mənzilə, 14 yerdə ticarət obyektinə sahiblənib. Qəbələ, Quba və İsmayıllı rayonlarında bağ evləri və bahalı maşınları dövlət büdcəsindən taladığı pulların hesabına əldə etmişdir.

Elementar savadı, danışıq qabiliyyəti və kobud davranışı olan, dövlət vəsaitini talan edən belə bir adamın vəzifədə qalması dövlət adına ləkədir.

Ucar əhalisi Məmmədov qardaşlarının cinayət əməllərindən çox əziyyət çəkirlər. Onların nə vaxt qanun qarşısnda cavab verəcəklərini əhali səbrsizliklə gözləyir”.

Qeyd edək ki, məktub aşağıda adları qeyd oluna sakinlərin imzası ilə göndərilib:

- Umarov Şəmsəddin İslam oğlu, Küçəkən kəndi;

- Əliyev Sahib Məsim oğlu, Qazyan kəndi;

- Məmmədov Vüqar Bahadur oğlu, Qazyan kəndi;

- Nəbiyev Kamal Qsım oğlu, Qazyan kəndi;

- Rüstəmov Əli Umudvar oğlu, Qazyan kəndi;

- Əlifova Səmayə Güloğlan qızı, Lək kəndi;

- Osmanova Tahirə Nağı qızı, Lək kəndi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...