Köçkünlər geri qayıdır: boşalan mənzilləri satırlar?

Köçkünlər geri qayıdır:
Məcburi köçkünlərin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzillər dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsusdur. Buna görə də məcburi köçkünlərin həmin ev və mənzilləri satmaq və ya başqasına bağışlamaq hüququ yoxdur.

Bu sözləri Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına köçürüldükdən sonra boşalan mənzilləri satışa çıxardıqları barədə sosial şəbəkələrdə yayılan məlumatlar barədə danışarkən deyib.

O bildirib ki, bu barədə yayılan məlumatlar tamamilə əsassızdır:

“Tutaq ki, hansısa məcburi köçkün yaşadığı mənzili satışa qoyub, axı onun hansı sənədi var ki, onun əsasında da mənzili satsın? Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzilləri dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsus olduğu üçün boşaldır və aidiyyəti üzrə təhvil verirlər. Çünki vaxtilə məcburi köçkün ailələrinə dövlət tərəfindən fərdi ev və ya mənzil verilərkən onların burada müvəqqəti – işğal altındakı ərazilər azad edilənə və həmin ərazilərə qayıdış üçün şərait yaradılana qədər yaşaması nəzərdə tutulub”.

İ.Mirzəyev əlavə edib ki, azad olunmuş ərazilərə ilk mərhələdə yataqxanalarda, bağça, məktəb, idarə və müəssisələrin inzibati binalarında məskunlaşan keçmiş məcburi köçkünlər köçürülür:

“Baxın, bir nəfər də olsun Qobu qəsəbəsində məskunlaşan məcburi köçkün azad olunan ərazilərə köçürülməyib. Lakin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin azad olunan ərazilərə köçürülməsi üçün təyin olunmuş toplanış məntəqəsi Qobuda yerləşir. Bütün keçmiş məcburi köçkünlər də buradan köçürülür. Buna görə də bir çoxu elə bilir ki, Qobuda yaşayan keçmiş məcburi köçkünlər köçürülür”.

Mətbuat xidmətinin rəhbəri onu qeyd edib ki, bu günə qədər ümumilikdə 1384 ailə - 5443 nəfər azad olunmuş ərazilərə köçürülüb:

“Füzuli şəhərinə 527 ailə - 1969 nəfər, Laçın şəhərinə 451 ailə - 1705 nəfər, Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə - 871 nəfər, Tərtər rayonunun Talış kəndinə 20 ailə - 90 nəfər, Laçın rayonunun Zabux kəndinə isə 211 ailə - 808 nəfər köçürülüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...