“Onların əsas fəaliyyəti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil”

“Onların əsas fəaliyyəti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil”

“Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur, dünyada çox nadir ölkələr var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
“Ümumiyyətlə bizim Gömrük orqanlarının mahiyyəti, strukuru, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır. Özünü doğrultmadı, doğrultmağı da mümkün deyil. Çünki, şimal qonşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib.
Gömrük orqanlarının ayrıca istintaq qurumunun olması da absurddur, ona görə də, Gömrük Komitəsi ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin nəzdində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır.
Müstəqillikdən üzü bəri iş adamlarının, biznesin ən zəhləsi getdiyi, onlara ən çox mane olan, rüşvət və korrupsiya yuvasına çevrilmiş, mahiyyəti ancaq iri məmur biznesini qorumaq olan Gömrük Komitəsidir. Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişməlidir. Bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir. Nə qədər ki, yerli istehsal yoxdur, Gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar – istehsal sahələri yaranandan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti olmalıdır. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq. Bunun başqa yolu-yöntəmi yoxdur!”, - deyə o bildirib.
Xatırladaq ki, dünən Dövlət Gömrük Komitəsi rəsmi saytında və sosial şəbəkə hesablarında gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkarlanması ilə bağlı məlumat paylaşıb. Bu paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...