40 gündə 5 oğlunu şəhid verən ananın dilənməsi ilə bağlı DETALLAR – Rəsmi AÇIQLAMA
Sosial şəbəkərlədə 5 oğlunu şəhid verən ananın dilənməsi ilə bağlı videogörüntü yayılıb.
Görüntüdə şəhid oğlanlarının - Mehdi Xankişi oğlu Bayramov, Asim Xankişi oğlu Bayramov, Aslan Xankişi oğlu Bayramov, Arif Xankişi oğlu Bayramov və Akif Xankişi oğlu Bayramovun adını çəkən Sultan İlyasova aldığı aylıq 110 manatla dolana bilmədiyi üçün dilənçilik etdiyini qeyd edir.
Şəhid anasının ürəkdağlayan görüntüsü və şəhid balaları ilə bağlı fəryadı sosial şəbəkə istifadəçilərinin duyğularını alt-üst edib. Kövrək qəlbləri riqqətə gətirən bu görüntülərə reaksiyalar birmənalı olmayıb.
Maraqlıdır, 5 oğlunu şəhid verdiyi iddia olunan anaya sosial təminat təyin olunubmu?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayılan görüntüləri araşdırıb. Bizim.Media.az-a bu barədə açıqlama verən qurumun mətbuat katibi Fazil Talıblı videogörüntünün 4 il əvvələ aid olduğunu bildirib:
“Bu videoda danışan Sultan Bəylər qızı İlyasova 14 mart 2018-ci ildə rəhmətə gedib. Görüntülər də ən azı 4 il öncəyə aiddir. Onun şəhid anası olub-olmadığını araşdırırıq”, - deyə qurum rəsmisi qeyd edib.
Bizim.Media.az məsələ ilə bağlı araşdırma aparıb.
Sultan Bəylər qızı İlyasova 1938-ci ildə Kəlbəcərin Zar kəndində anadan olub. Atası əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. Ana 40 günə 5 oğul şəhid verib. Oğlunun birinin nəşi tapılmayıb.
Sözügedən video 2017-ci ilə aiddir. Sədəqə qəbul etməsinə səbəb nəvəsinin onkoloji xəstəliyi olması ilə bağlı olub.
1003 dəfə oxundu