Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirdi – İXTİSARLAR DA BAŞLAYIR
Bundan sonra bəzi səlahiyyətləri Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi həyata keçirəcək. Prezidentin dünən imzaladığı fərmanla Nəqliyyat Nazirliyinin struktruna daxil olan qurumlardan birinin xeyli səalahiyyəti alınaraq yeni yaradılmış idarəyə verildi. Özü də bu idarə ölkəmizdə ictimai nəqliyyatın təşkilində əsaslı bir yenilik deməkdir.
Söhbət Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən gedir. Fərmanda nəzərdə tutulan yenilikləri hüquqşünas Ərşad Hüseynov Avtosfer.az saytı üçün şərh edib. O, qeyd edib ki, bu fərman hələlik yalnız Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşıma fəaliyyətinin təşkili işinin tam olaraq şəhər icra hakimiyyəti başçısı yanında yaradılmış yeni idarəyə verildiyini təsbit edir. Yeni idarənin bu fərmanda göstərilən əsas fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə aydın olur ki, bu səlahiyyətlər əvvəllər Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə aid olub. Bunu həmin Xidmətin Əsasnaməsinə nəzər yetirdikdə görmək olar.
Deməli, bundan sonra həmin səlahiyyətləri Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi həyata keçirəcək. Səlahiyyətlər isə bunlardır: sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi.
Hətta dünən imzalanan fərmanla Nazirlər Kabinetinə tapşırılır ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxsın. Buradan isə belə nəticə çıxarmaq olar ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt şəhəri üzrə Regional İdarəsində ştatların sayı əhəmiyyətli dərəcədə azalacaq.
Yeni yaradılmış idarəyə verilən səlahiyyətlərdən aydın olur ki, bundan sonra Sumqayıt şəhərində avtobus marşrutlarının yaradılması, onların hərəkət sxeminin müəyyən olunması, bu marşrutların sahibkarlar arasında bölüşdürülməsi, daha sonra həmin sahibkarların bu marşrutlarda fəaliyyətinin qanunauyğunluğuna nəzarət və bununla bağlı digər bütün məsələlər həmin İdarə tərəfindən həyata keçiriləcək.
Yeni yaradılan idarə “Pilot layihə” olaraq nəzərdə tutulur. Bu o deməkdir ki, həmin ideya özünü doğruldacağı təqdirdə gələcəkdə respublikanın başqa şəhər və rayonlarını da əhatə edə bilər. Ə.Hüseynovun fikrincə, dünən yaradılan idarə ölkəmizdə ictimai nəqliyyatın təşkili funksiyasının yerli icra hakimiyyəti orqanlarına verilməsi istiqamətində ilk addım sayıla bilər. Dünyanın bir çox ölkələrində (o cümlədən keçmiş SSRİ-də) mövcud olan belə yanaşmanın səmərəli olub-olmaması Sumqayıtda tətbiq olunan “Pilot layihə”nin verəcəyi nəticələrdən asılı olacaq.
1196 dəfə oxundu