“Arif Məmmədovun yanlış bir yolda olduğuna əminəm” Eldar Həsənov

“Arif Məmmədovun yanlış bir yolda olduğuna əminəm”


Bu günlərdə yeni açıqlamaları ilə bir daha gündəmə gəlməyə çalışan keçmiş səfir Arif Məmmədov Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində də fikirlər bildirib. Onun sözlərinə görə, səfir ölkəmizi biabır edə biləcək addımları tənqid edirmiş.

Bu məsələ ilə bağlı Eldar Həsənov Hafta.az-ın sualına cavab verib. Səfirdən “keçmiş həmkarınız Arif Məmmədovun son müsahibəsi ilə tanış olmusuz, orada, Sizin 2012-ci ildə XİN-in kollegiya iclasında hakimiyyətin, ölkənin adını biabır edə biləcək fəaliyyətini tənqid etdiyiniz qeyd olunur” deyə soruşduq. Sualımıza aşağıdakı kimi cavab aldıq:

“Söhbət hər halda kollegiya iclasından deyil, iki ildən bir keçirilməsi ənənə halını almış diplomatik nümayəndəliklərin rəhbərlərinin qapalı müşavirəsindən gedir. Bu cür müşavirələrin keçirilməsi ölkənin xarici siyasəti sahəsində əldə olunan nailiyyətlərin, yeni çağırış və təhdidlərin müzakirə edilməsi, diplomatik nümayəndəliklərin fəaliyyətinin qiymətləndirilməsi, qüsur və nöqsanlar varsa, onların aradan qaldırılması, tənqid və iradlardan nəticə çıxarılması, xarici siyasət fəaliyyətinin daha da təkmilləşdirilməsi, Azərbaycan diplomatiyasının mövcud beynəlxalq vəziyyətlə ayaqlaşması, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üçün görülən zəruri, əməli, təxirəsalınmaz tədbirlərin səmərəliliyinin daha da artırılması məqsədi daşıyır. Həmçinin, bu qapalı müşavirələrdə səfirlər xarici siyasət prioritetlərinin reallaşdırılması üçün fəaliyyətlərində əsas götürmələri məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Xarici İşlər Nazirinin göstəriş və təlimatlarını alır, müvafiq dövlət qurumlarının rəhbərlərinin təklif və tövsiyyələrini dinləyir. Bir sıra həmkarlarım kimi mən də, bu müşavirələr çərçivəsində ölkəmizin dövlət və milli maraqları baxımından əhəmiyyətli hesab etdiyim məsələlərlə bağlı müxtəlif təklif və təşəbbüslərlə çıxış etmişəm, bəzən də ümumi işimizin xeyrinə fikirlərimi söyləmişəm. Bu ənənənin və formatın da davam etdirilməsini dəstəkləyirəm. Hər bir ciddi dövlətdə olduğu kimi, Azərbaycanda da mühüm dövlət qurumları çərçivəsində bu cür qapalı müşavirələrin keçirilməsi və dövlətçilik təməllərinin möhkəmləndirilməsi məqsədilə burada qəbul edilmiş qərarların səmərəli şəkildə yerinə yetirilməsi, istifadə edilməsi təbii və zəruridir. Bu baxımdan, hər bir məmurun mənəvi və vəzifə borcudur ki, dövlət və milli maraqların qorunması məqsədilə öhdəsinə düşəni etsin. Bu həm də ölkəmizin prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətə dəstək kimi qiymətləndirilməlidir.

O ki qaldı Arif Məmmədovun barəmdə dediklərinə, onu bildirim ki, bu qapalı müşavirələr çərçivəsində mən hakimiyyət əleyhinə yox, diplomatik fəaliyyətimizin daha da təkmilləşdirilməsi ilə bağlı öz fikirlərimi hər zaman söyləmişəm”.

Səfir Arif Məmmədovun özünə gəlincə isə bunları qeyd etdi:

“Onun tamamilə yanlış bir yolda olduğuna əminəm və heç bir çərçivəyə sığmayan bu fəaliyyətini kəskin şəkildə qınayıram. Onu ölkəmizə, xalqımıza və dövlətimizə qarşı ədalətsiz, qərəzli mövqeyi, ölkəmizin nüfuzuna zərbə vuran, təzyiq və təhdidlərini davam etdirən, bu istiqamətdə əllərindən gələni əsirgəməyən, ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi bədxah qüvvələrin “dəyirmanına su tökmək” kimi dəyərləndirir və onu bu əməllərindən əl çəkməyə çağırıram.
Bəzi mətbuat orqanlarının mənim Arif Məmmədovla hər hansı bağlılığım olması barədə yaydığı uydurmaları isə tam əsassız və gülünc hesab edirəm. O mənim də Avropadakı fəaliyyətimi tənqid edənlərdən biridir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...