Nərgiz Paşayeva və Britaniya səfiri qalibləri elan etdi... FOTOLAR
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq V.M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakıdakı filialında olub.
Virtualaz.org universitetin saytına istinadən bildirir ki, səfir filialın rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nərgiz Paşayeva, habelə bu ali təhsil ocağının müəllimləri və tələbələri ilə görüşüb.
Professor Nərgiz Paşayeva səfir İrfan Siddiqi salamlayaraq universitetə gəlməsinə görə ona təşəkkürünü bildirib, səfiri V.M.Lomonosov adına MDU-nun Bakı filialının fəaliyyəti ilə, buradakı fakültələr və ixtisaslarla tanış edib. Qeyd edilib ki, Bakı filialının filologiya fakültəsində fəaliyyət göstərən “Roman-german filologiyası” və “Rus filologiyası” bölmələrində filologiya sahəsində yüksək ixtisaslı linqvist və ədəbiyyatşünas kadrlar hazırlanır. Roman-german filologiyası bölməsinin tədris planına əsas xarici dillərin (ingilis, italyan, ispan və fransız) dərindən öyrənilməsi; həmin dillərin nəzəriyyəsinə və tarixinə, tərcümə nəzəriyyəsinə və praktikasına, roman-german dillərinin, klassik latın dilinin, latın xalq dilinin, qotik dilin müqayisəli qrammatikası; ikinci Qərbi Avropa dilinin məcburi şəkildə öyrənilməsi; dünya ədəbiyyatı tarixinin genişləndirilmiş və dərinləşdirilmiş kursları daxildir.
Rektor onu da qeyd edib ki, roman-german bölməsinin tələbələri sakinlərinin əksəriyyəti onların öyrəndiyi dildə danışan ölkələrdə, o cümlədən Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Çexiya və Polşada hər il təcrübə keçirlər.
İngilis filologiyası bölməsinin bütün tələbələri birinci kursun sonunda Bakıdakı “British Council”də tədris təcrübəsi keçirlər. Bakalavriatın və magistraturanın ən yaxşı tələbələri İngiltərə universitetlərinə dil kurslarına göndərilir. Məsələn, 2011-ci il iyulun 17-dən 31-dək filologiya fakültəsinin ingilis bölməsinin IV kurs tələbələri Böyük Britaniyanın Rekşam şəhərindəki Yel kollecində, 2011-ci il avqustun 20-dən 30-dək həmin bölmənin III kurs tələbələri isə Uorvik Universitetində tədris təcrübəsi keçiblər.
2014-cü il iyulun 21-dən avqustun 8-dək ingilis filologiyası bölməsinin III kurs tələbələri Londondakı “Club Class English language school”da yay təcrübəsinə ezam edilib, həmin il iyulun 28-dən avqustun 22-dək bu bölmənin magistrantları Böyük Britaniyadaki “Regent`s University London”da yay dil təcrübəsi keçiblər.
Ali məktəbin bu təcrübəsi ilə tanış olan səfir öz növbəsində, bu praktikanın dil öyrənmək üçün böyük əhəmiyyətini qeyd edib və filialın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Professor Nərgiz Paşayeva özünün bu yaxınlarda Oksford Universitetində işgüzar səfərdə olması və səfər müddətində keçirdiyi görüşlər barədə səfirə məlumat verib.
N. Paşayeva Oksford Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi adına Elmi Mərkəzin Azərbaycan tərəfdən rəhbəri kimi bu Mərkəzin fəaliyyəti barədə danışıb. Səfir İ.Siddiq qeyd edib ki, müasir dünyada tolerantlığın real nümunəsi olan bu Mərkəz və onun fəaliyyəti elm və təhsil sahəsində ikitərəfli münasibətlər üçün çox böyük əhəmiyyət kəsb edir.
Professor Nərgiz Paşayeva və Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq görüşdə V.M.Lomonosov adına MDU-nun Bakı filialının tələbələri və magistrantları arasında böyük ingilis ədibi Uilyam Şekspirin yaradıcılığına həsr olunmuş inşa müsabiqəsinin nəticələrini də müzakirə ediblər.
Bu müsabiqənin keçirilməsi haqqında qərar İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, “Britaniya İmperiyası” ordeninə layiq görülmüş, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın bu ilin fevral ayında MDU-nun Bakı filialına səfəri zamanı filialın rektoru, AMEA-nın müxbir üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycandan olan həmsədri, professor Nərgiz Paşayeva ilə birlikdə qəbul edilib.
Əldə edilmiş razılaşmaya görə, oktyabrın 23-də filialın filologiya fakültəsində esse müsabiqəsi keçirilib. Müsabiqədə səkkiz nəfər (üç magistarnt və beş bakalavriat tələbəsi) iştirak edib. M.V.Lomonosov adına MDU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasının müəllimləri tərəfindən təklif edilmiş esse mövzuları böyük ingilis ədibi U.Şekspirin əsərlərinə həsr edilmişdi. İştirakçıların işləri M.V.Lomonosov adına MDU-nun ingilis dilçiliyi və xarici ədəbiyyat bölməsinin dörd professoru tərəfindən yoxlanılıb. Sonra filialın rektoru Nərgiz Paşayeva və səfir İrfan Siddiq esse müsabiqəsinin qaliblərini elan ediblər. Müsabiqənin yekunlarına görə birinci yeri ingilis filologiyası bölməsinin I kurs magistrantı Rəfiqə Ağayeva, ikinci yeri həmin bölmənin III kurs tələbəsi İlahə Dadaşova, üçüncü yeri birinci kurs magistrantı Məryəm Məmmədova tutublar.
Müsabiqənin qalibi Uilyam Şekspirin vətəni Stratford-Eyvon şəhərinə getmək hüququ qazanıb, müsabiqədə ikinci və üçüncü yerləri tutmuş iştirakçılara həvəsləndirici mükafatlar kimi noutbuk və lüğət təqdim edilib.
Səfir İrfan Siddiq esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.
Professor Nərgiz Paşayeva müsabiqənin qaliblərini təltif edərək deyib: “Hesab edirəm ki, əsas ictimai nemət yaxşı təhsildir. Yaxşı təhsil olmadan yaxşı dövlət, yaxşı vətəndaş ola bilməz, yaxşı təhsil olmasa gələcəyə inam, tərəqqi də yoxdur, həyatın mənası, fundamental dəyərləri haqda düzgün təsəvvür yoxdur, insana həyatda yol göstərən mənəvi əsas yoxdur”.
Rektor Nərgiz Paşayeva qeyd edib ki, bu esselərin yaxşı səviyyədə yazılması filologiya fakültəsinin bütün müəllimlərini sevindirir. O, deyib: “Müsabiqənin şərtlərinə görə, qalib kimi bir nəfərin fərqləndirilməsi nəzərdə tutulur, lakin bugünkü yarışın ruhu sırf rəmzi məna daşıyır. Ona görə ki, bütün iştirakçılar yaxşı esselər yazıblar, onlar hamısı çalışıb və ən başlıcası, dahi Şekspirin əsərlərini bir daha oxuyublar”.
Bu layihənin sponsoru qismində İngiltərə-Azərbaycan Cəmiyyəti çıxış edib. 1997-ci ildən fəaliyyət göstərən bu Cəmiyyətin iki ölkə arasında münasibətlərin inkişafında çox böyük xidmətləri var.
Xatırladaq ki, 2007-ci ildən İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevadır. Cəmiyyət fəal iş aparır, Azərbaycanda və Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial və mədəni layihələr həyata keçirir.
1244 dəfə oxundu