"Bütün qanunsuz aksiyaların qarşısı alınıb” - Mirqafar Seyidov
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
İdarədən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb, bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən bütün aksiyaların qarşısı alınıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin gəlişi ilə bağlı tədbir və mərasimlər zamanı ictimai asayiş tam təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.
Müşavirədə Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri çıxış ediblər, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Əməliyyat müşavirəsinə yekun vuran M. Seyidov 2015-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.
998 dəfə oxundu