Saxta aksizlərə görə cəzalar sərtləşdirildi bundan sonra cinayət sayılacaq

Saxta aksizlərə görə cəzalar sərtləşdirildi


Azərbaycanda saxta aksiz markalarının dövriyyəsi bundan sonra cinayət əməli kimi müəyyən ediləcək. AzVision.az xəbər verir ki, parlamentin bu gün keçirilən son iclasında Cinayət Məcəlləsinə dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, Azərbaycanda saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla) cinayət əməli kimi müəyyən edilir.

Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Daha bir dəyişikliyə görə isə tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satmağa, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə cinayət məsuliyyəti müəyyən ediləcək.

Dəyəri 50 manatdan artıq olan tütün məmulatlarının satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada satma, belə malları satış məqsədləri ilə nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyətinə səbəb olacaq.

Layihəyə əsasən, tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alma 1000 manatdan 2000 manatdək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu zaman “xeyli miqdar” deyildikdə 50 manatdan 1000 manatadək olan məbləğ, “külli miqdar”da dedikdə isə 1000 manatdan yuxarı olan məbləğ başa düşülür.

Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...